CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti ilə “Miqrasiya Könüllüsü” İctimai Birliyinin “Şəhidini tanı” layihəsi çərçivəsində şəhid ailəsi ziyarət olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) 44 günlük Vətən müharibəsində iştirak edən əməkdaşı Tural Əhmədov və Miqrasiya könüllüləri Şuşa döyüşləri zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan ehtiyatda olan baş leytenant Nuruzadə Rövşən Əli oğlunun ailəsini ziyarət ediblər.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Xalq şairi Əli Nurun oğlu Rövşən Nuruzadənin döyüş yoluna nəzər salınıb. Xatirəsi hər birimiz üçün əziz olan şəhidlərimizin hünəri, onların torpaqlarımızın azadlığı üçün fədakarlıqları xatırlanıb, tariximizdə əbədi yaşayacaqları vurğulanıb. Rövşən Nuruzadənin Dövlət Miqrasiya Xidmətinin şəhid övladları üçün təşkil etdiyi “Qaliblər düşərgəsi”nin iştirakçısı olan oğlu Kənan Nuruzadə atası ilə bağlı xoş xatirələrini bölüşüb. Həmçinin döyüşlərdə iştirak edən Xidmət əməkdaşı Tural Əhmədova müharibədə yaşananlar barədə suallar ünvanlayıb.
Görüşdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin daim uca tutulacağı bildirilib.