CƏMİYYƏT
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib
Bakı, 26 may, AZƏRTAC
“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli Qanununa və onun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 16 yanvar tarixli Fərmanına, Nazirlər Kabinetinin 2014-cü il 30 may tarixli Qərarı ilə təsdiq edilmiş “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq 2015-ci ilin mayında seçilmiş və üzvlük müddətləri başa çatmaqda olan Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın üzvləri ilə Xidmət rəhbərliyinin görüşü keçirilib.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, görüşdə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev ötən iki ildə Xidmət yanında İctimai Şuranın fəaliyyətinə verilən önəmə diqqət çəkib, dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi ictimai nəzarətin xidmətin keyfiyyətinin artırılmasında mühüm rolunu xüsusi vurğulayıb.
Xidmət rəisi Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə miqrasiya siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin idarə edilməsi və tənzimlənməsi məqsədilə miqrasiya sahəsində təkmil qanunvericiliyin formalaşdırıldığını deyib. Cəmiyyətin inkişafına uyğun olaraq normativ hüquqi aktların hər zaman təkmilləşdirilməsi zərurətinin olduğunu və bu baxımdan vətəndaş cəmiyyəti institutlarından təşkil olunmuş İctimai Şuranın respublikamızda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarının genişləndirilməsi, onların qanuni mənafelərinin daha mükəmməl qorunması, miqrasiya proseslərinin tənzimlənməsi və miqrasiya proseslərinin təkmilləşdirilməsi məqsədilə fəaliyyət müddətində təqdim etdikləri bir sıra innovativ təkliflərin istər praktikada, istərsə də qanun yaradıcılığında istifadə edildiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Şura fəaliyyəti dövründə miqrasiya sahəsində həyata keçirilən strategiyaya, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə, miqrasiya sahəsində əməkdaşlıq imkanlarının artırılmasına müəyyən töhfələr verib.
Görüşdə insan hüquqlarından Avropanın miqrantlara qarşı qeyri-insani rəftarı və miqrant problemi qarşısında acizliyi fonunda miqrasiya sahəsində idarəetmənin mütərəqqi Azərbaycan modelindən bəhs olunub. Ölkəmizdə isə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz hüquq və azadlıqlarını həyata keçirmələri üçün yaradılmış şəraitin təkcə respublikada yox, həm də xarici dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri tərəfindən də təqdir olunduğu qeyd edilib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov və Şura üzvləri onların fəaliyyəti üçün yaradılmış şəraiti, Xidmət tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizənin, vətəndaşsızlıq hallarının aradan qaldırılması istiqamətində görülmüş işlərin, aparılan maarifləndirmə tədbirlərinin, xüsusən regionlarda keçirilmiş “Açıq qapı günü” - vətəndaş forumlarının cəmiyyətdə rəğbətlə qarşılandığını bildiriblər.
Xidmət rəisi İctimai Şura ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirib və Şura üzvlərinin “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” yubiley medalı ilə təltif edildiyini açıqlayıb.
Sonda Şura üzvlərinə xatirə hədiyyələri təqdim olunub.