Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin müşahidə şuralarında (himayəçilik və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsilçiliyi ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili Qaydaları”nın və “Dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsinə və dividend siyasətinin ümumi parametrlərinə dair Qaydalar”ın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 29 dekabr tarixli 570 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin və “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin müşahidə şuralarında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsil olunmasının təmin edilməsi məqsədilə bir ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. Aşağıdakı dövlət orqanları (qurumları) dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin (bundan sonra – dövlət müəssisələri) müşahidə şuralarında (himayəçilik şuralarında və ya direktorlar şuralarında) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsinin təmsil olunması məqsədilə bir ay müddətində zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər:
2.1. tabeliyində ali təhsil müəssisələri olan dövlət orqanları (qurumları) həmin ali təhsil müəssisələrinin himayəçilər şuralarına münasibətdə;
2.2. Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) və Azərbaycan İnvestisiya Holdinqi idarəetməsinə verilmiş dövlət müəssisələrinin müşahidə şuralarına münasibətdə.
3. “Sənaye parklarının, sənaye məhəllələrinin və aqroparkların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 yanvar tarixli 1257 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 27 (Cild I); 2025, № 4 (I kitab), maddə 330, № 6, maddə 541) 2.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:
3.1. birinci abzasda “4 (dörd)” sözləri “3 (üç)” sözləri ilə, “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda 2.4.1-1-ci yarımbənd əlavə edilsin:
“2.4.1-1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi;”.
4. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 21 dekabr tarixli 1506 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 12, maddə 1371 (Cild I); 2024, № 6 (I kitab), maddə 665; 2025, № 4 (I kitab), maddə 330, № 6, maddə 541) ilə təsdiq edilmiş “İqtisadi Zonaların İnkişafı Agentliyinin Nizamnaməsi”nin 4.4-cü bəndinin birinci cümləsində “4 (dörd)” sözləri “3 (üç)” sözləri ilə, “3 (üç) üzvü” sözləri “4 (dörd) üzvü Azərbaycan Respublikası Maliyyə Nazirliyinin,” sözləri ilə əvəz edilsin.
5. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 16 aprel tarixli 2761 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 4, maddə 278 (Cild I) 2.1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“2.1.2. Cəmiyyətin icra orqanı rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.
6. “Tullantılarla bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 8, maddə 750 (Cild I); 2025, № 8, maddə 777) 6-1.1-ci bəndində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.
7. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 10 yanvar tarixli 213 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 26 (Cild I) 2.1.2-ci yarımbəndi aşağıdakı redaksiyada verilsin:
“2.1.2. Cəmiyyətin icra orqanı rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;”.
8. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilməsi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi, “Məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 avqust tarixli 2983 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 sentyabr tarixli 2908 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 9, maddə 1022 (Cild I); 2026, № 3, maddə 246) 2-ci hissəsinə “Səməd Bəşirli – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:
“Fərid Baxşıyev – Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Müəssisələrinin Monitorinqi Agentliyinin direktoru”.
9. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2516 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 2, maddə 181 (Cild I) ləğv edilsin.
10. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2552 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 257 (Cild I) ləğv edilsin.
11. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli 2555 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 3, maddə 260 (Cild I) ləğv edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 may 2026-cı il