İQTİSADİYYAT
Dövlət Neft Fondunun ilin doqquz ayı üzrə gəlirləri artmışdır
Bakı, 31 oktyabr (AZƏRTAC). Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 11 milyard 831,4 milyon manat, büdcə xərcləri isə 4 milyard 366,7 milyon manat təşkil etmişdir.
ARDNF-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, cari ilin 9 ayında qurumun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 milyard 668,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 milyard 476,3 milyon manat, “Şahdəniz-1” fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 5,5 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, bonus ödənişləri 15,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,2 milyon manat təşkil etmişdir.
Ötən doqquz ayda Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,9 milyon manata bərabər olmuşdur. Hesabat dövründə ARDNF-in 2011-ci il büdcəsinin icrası çərçivəsində 4 milyard 21 milyon manat vəsait dövlət büdcəsinə transfert edilmişdir. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 144,5 milyon manat və 10,5 milyon manat vəsait ayrılmışdır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə Dövlət Neft Fondundan 5,9 milyon manat vəsait ayrılmış, 85,5 milyon manat Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə yönəldilmişdir.
Cari ilin doqquz ayında Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 10,1 milyon manat olmuşdur. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 258,8 milyon manat təşkil etmişdir. 2011-ci il oktyabrın 1-də Fondun aktivləri ilin əvvəlinə (22 milyard 766,8 milyon dollar) nisbətən 41,6 faiz artaraq 32 milyard 242,5 milyon dollara bərabər olmuşdur.