İQTİSADİYYAT
Dövlət Neft Şirkəti Hyustonda Azərbaycanın enerji siyasətinə həsr olunmuş müsabiqə keçirmişdir
Bakı, 9 may (AZƏRTAC). Bakı Ali Neft Məktəbinin (BANM) nümayəndə heyəti Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Hyuston Azərbaycan Mərkəzi və Hyuston Universitetinin Enerji Assosiasiyası ilə birgə təşkil etdiyi Azərbaycanın enerji siyasətinə həsr olunmuş müsabiqənin yekun tədbirində iştirak etmişdir.
BANM-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqədə müxtəlif universitetlərin tələbələri həm komanda şəklində, həm də fərdi şəkildə iştirak etmişlər. Onların qarşısına “Azərbaycan enerji sənayesinə nə cür qlobal təsir göstərə bilər?” mövzusunda təqdimatlar hazırlamaq tapşırığı qoyulmuşdur.
Amerikada təhsil alan müxtəlif ölkələrdən gəlmiş tələbələr Azərbaycanın tarixi, dövlətin siyasəti, iqtisadiyyatı, biznes fəaliyyəti, ekologiyası və texnologiyaları ilə bağlı araşdırmalar aparmalı və təqdimatlarını məruzə etməlidirlər. Bu təqdimatların qiymətləndirilməsinə isə ekspert kimi Hyustonda işləyən azərbaycanlı mütəxəssislər cəlb olunmuşlar.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Amerika universitetlərinin tələbələrinin Azərbaycanla bağlı araşdırmalara maraqlarının təqdirəlayiq olduğunu bildirmiş, Azərbaycanın dünya iqtisadiyyatındakı və siyasətindəki rolundan danışmış, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını diqqətə çatdırmış və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.
Bildirilmişdir ki, müsabiqənin qalibinə pul mükafatı təqdim olunacaq və o, Azərbaycana səfər edəcəkdir.
BANM-nın rektoru Enerji Assosiasiyasının rəhbəri Mark Dear ilə müzakirələr aparılmış və hər iki tərəfin tələbələrinin iştirakı ilə birgə layihələrin həyata keçirilməsi haqqında razılıq əldə edilmişdir.