İQTİSADİYYAT
Dövlət Neft Şirkəti ilə “Total” şirkətinin təhsil sahəsində əməkdaşlığı davam edir
Bakı, 12 oktyabr (AZƏRTAC). Oktyabrın 11-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətin kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov və Fransanın “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli şirkətin həyata keçirdiyi daxili təqaüd proqramlarının iştirakçısı olmuş və hazırda ARDNŞ-in idarə və müəssisələrində çalışan gənc kadrlarla görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, X. Məmmədov gənclərə ARDNŞ-in Azərbaycanda, eləcə də ölkədən kənarda həyata keçirdiyi təhsil layihələri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, SOCAR-ın daxili və xarici təqaüd proqramlarının iştirakçılarının sayı ilbəil artmaqdadır. Bu, həm şirkətin kadr ehtiyatının möhkəmlənməsi, həm də gənclərin işlə təmin olunması üçün geniş imkanlar açmışdır.
ARDNŞ-in təqaüd proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün yaradılmış imkanlardan söz açılmış və qeyd edilmişdir ki, şirkətin fəaliyyəti genişləndikcə müasir biliklərə yiyələnmiş fransız dilli mühəndis kadrlara da ehtiyac yaranmışdır. Fransanın “Total” şirkəti ilə birgə həyata keçirilən layihəyə əsasən ARDNŞ-in daxili təqaüd proqramı xətti ilə işə qəbul olunan gənclər cəlb olunacaqlar.
Fransanın “Total E&P Azərbaycan” şirkətinin baş meneceri Kristian Jüdiselli ARDNŞ-in təqaüd proqramı çərçivəsində Fransanın qabaqcıl ali məktəblərində təhsillərini davam etdirmək istəyən gənclər üçün Fransa səfirliyində təmənnasız fransız dili kursları təşkil edildiyini vurğulamışdır. Müsabiqədə hazırda bakalavriatın 4-cü kursunda və ya magistraturada oxuyan, həmçinin ali təhsilini başa vurmuş gənclər iştirak edə bilərlər. Kristian Jüdiselli qeyd etmişdir ki, Fransanın ali təhsil müəssisələrində neft-qaz sənayesi üzrə geofizika mühəndisliyi, geologiya mühəndisliyi, rezervuar (lay) mühəndisliyi, neft, neft-kimya və kimya mühəndisliyi, neft və qaz emalı, mexanika, energetika, kompyuter İKT, avtomatlaşdırılmış idarəetmə sistemlər, ekologiya və inşaat mühəndisliyi ixtisasları üzrə yerli kadrların hazırlanması nəzərdə tutulmuşdur.
Qeyd olunmuşdur ki, ARDNŞ və “Total” şirkətlərinin əməkdaşlıq layihəsi çərçivəsində bu il Fransanın müxtəlif ali təhsil müəssisələrinə dörd tələbə göndərilmişdir, yeddi tələbə təhsilini davam etdirir, 18 tələbə isə təhsilini başa vurmuşdur.
Görüşün sonunda gənc mütəxəssislərin sualları cavablandırılmışdır.