İQTİSADİYYAT
Dövlət Neft Şirkəti xüsusi mükafata layiq görülmüşdür
Bakı, 2 aprel (AZƏRTAC). Qazaxıstan Respublikasının Almatı şəhərində neft-qaz sənayesinin əsas sahələrində texnoloji və ekoloji təhlükəsizliyin yeni texnologiya və tədbirlərinə həsr olunmuş “Dənizdə və quruda neft dağılmaları, yanacaq-energetika kompleksində sənaye təhlükəsizliyi” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, “Confidence Capital” şirkətinin təşkilatçılığı və “Caspian Offshore Construction” şirkətinin dəstəyi ilə keçirilən konfransda Xəzəryanı ölkələrin hökumət nümayəndələri və neft-qaz şirkətlərinin mütəxəssisləri iştirak etmişlər.
Konfransda sənaye fəaliyyəti nəticəsində ətraf mühitə təsirin azaldılması, neft dağılmalarının qarşısının alınması və aradan qaldırılması, neftlə çirklənmiş torpaqların rekultivasiyası və suların təmizlənməsi üsulları, mövcud metodların effektivliyi və proqressiv texnologiyanın tətbiqi, avadanlıqların modernizasiyası, sənaye tullantılarının azaldılması ilə bağlı praktiki məsələlərin həlli istiqamətində təqdimatlar dinlənilmiş, müzakirələr aparılmışdır.
ARDNŞ-in Ekologiya İdarəsinin Risklərin idarə olunması şöbəsinin əməkdaşları “ARDNŞ-də ətraf mühitin qorunması və neft dağılmalarının idarə olunması” mövzusunda çıxış edərək şirkətin bu sahədə həyata keçirdiyi layihələr haqqında iştirakçılara geniş məlumat vermiş, onları maraqlandıran sualları cavablandırmışdır.
Konfrans çərçivəsində ATƏT-in Qazaxıstan nümayəndəliyi tərəfindən bir sıra neft-qaz şirkətlərinə ətraf mühitin qorunması sahəsində qazanılmış uğurlara görə mükafatlar təqdim olunmuşdur. ARDNŞ “Fövqəladə halların aradan qaldırılması üzrə əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə” mükafata layiq görülmüşdür.