İQTİSADİYYAT
Dövlət Neft Şirkəti yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 185 milyon 92 min manat vəsait ödənmişdir
Bakı, 12 oktyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2013-cü ilin sentyabr ayında dövlət büdcəsinə 135 milyon 178 min manat vəsait ödəmişdir ki, bu da ötən ilin sentyabr ayına nisbətən 15 milyon 238 min manat və ya 112,7 faiz çox olmuşdur.
ARDNŞ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında büdcəyə 1 milyard 185 milyon 92 min manat vəsait ödənmişdir. Bu göstərici 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 151 milyon 243 min manat və ya 114,6 faiz çox olmuşdur.
Bundan əlavə, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 14 milyon 24 min manat vəsait köçürmüşdür. Bu, ötən ilin sentyabr ayına nisbətən 249 min manat və ya 101,8 faiz çox olmuşdur.
Ümumiyyətlə, 2013-cü ilin yanvar-sentyabr aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 120 milyon 112 min manat təşkil etmişdir ki, bu da ötən ilin yanvar-sentyabr aylarına nisbətən 1 milyon 415 min manat və ya 101,2 faiz çox olmuşdur.