İQTİSADİYYAT
Dövlət Neft Şirkətində vəzifə standartlarının hazırlanması və karyera inkişaf sistemi layihəsinin təqdimatı olmuşdur
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) şirkətin idarə və müəssisələrində “İnsan resursları infrastrukturu və vəzifələrin dərəcələndirməsi” layihəsinin və “Karyeranın inkişaf edilməsi” sisteminin tətbiqi ilə əlaqədar müşavirə keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin sədrliyi ilə keçirilən müşavirədə qeyd olunmuşdur ki, şirkətdə mövcud vəzifələrə verilən müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlanması istiqamətində böyük iş görülmüşdür.
Tədbirdə ARDNŞ-in ekologiya, informasiya texnologiyaları və rabitə idarələrində karyera inkişaf sisteminin pilot layihə kimi tətbiq olunduğu nəzərə çatdırılmış, insan resursları departamenti tərəfindən pilot layihənin nəticələrinə dair təqdimat keçirilmişdir.
Bildirilmişdir ki, layihə çərçivəsində işçilər öz təhsil istiqamətlərinə, əmək stajlarına uyğun olaraq karyeralarını inkişaf etdirmək istədikləri sahə və vəzifələri seçmək imkanı əldə etmişlər. Sistem həmçinin işçilərin peşəkarlıq və fərdi keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə onların təlim ehtiyaclarının müəyyənləşdirilməsinə və nəticədə müəyyən edilmiş fərdi inkişaf proqramlarında iştirakına imkan yaratmışdır.
Qeyd olunmuşdur ki, layihə ümumilikdə 1449 işçini əhatə etmişdir. Seçim mərhələlərini keçən 505 nəfər karyera seçimləri üzrə sorğuya cəlb olunmuş, karyerasını inkişaf etdirmək istəyən 470 nəfərin xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. Bundan sonra 218 nəfər test üsulu ilə biliklərin yoxlanılması mərhələsində iştirak etmişdir. Test imtahanı nəticəsində 25 işçinin dərəcəsinin artırılması məqsədəuyğun hesab edilmiş, 55 nəfər iddia etdikləri vəzifələr üzrə ehtiyat işçi qismində qeydə alınmış, 11 nəfər isə şirkətdaxili treninqlərdə təlimçi qismində seçilmişdir.
Təqdimat müşavirə iştirakçıları tərəfindən maraqla qarşılanmış, şirkətdə yeni vəzifə standartlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə əlaqədar fikirlər dinlənilmiş, tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Müşavirəyə yekun vuran ARDNŞ-in prezidenti Rövnəq Abdullayev şirkətdə kadrların hazırlanması, yerdəyişməsi və karyera inkişafı üzrə aparılan işlərin əhəmiyyətini vurğulamış, gənc mütəxəssislərin gələcək karyeralarını qurmasında bu tədbirlərin mühüm rolunu qeyd etmişdir.
R.Abdullayev beynəlxalq tələblər səviyyəsində vəzifə standartlarının hazırlanması sahəsində görülən işlərdən və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı pilot layihənin nəticələrindən razı qaldığını bildirmiş, layihənin ARDNŞ-in digər müəssisələrində də tətbiq edilməsinin məqsədəuyğun olduğunu vurğulamışdır.