İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin daxili təqaüd proqramının iştirakçılarına təqaüd kartları təqdim olunmuşdur
Bakı, 27 sentyabr (AZƏRTAC). Sentyabrın 27-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) 2012/2013-cü tədris ili üzrə daxili təqaüd proqramına əsasən təqaüdçü olan tələbələrə təqaüd kartlarının təqdim olunması mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev son illər ölkəmizin neft strategiyası çərçivəsində qazanılmış uğurlardan danışmış, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs etmişdir.
R.Abdullayev gənc nəslin beynəlxalq standartlara uyğun keyfiyyətli təhsil alması, peşəkar kadrların hazırlanması istiqamətində şirkətin həyata keçirdiyi layihələrdən də danışmışdır.
Bildirilmişdir ki, şirkətin kadr potensialının daha da gücləndirilməsi məqsədi ilə ölkəmizdə neft-qaz ixtisasları üzrə ali təhsil alan tələbələr üçün keçirilən daxili təqaüd proqramı çərçivəsində indiyədək 16 seçim müsabiqəsi keçirilmişdir. Həmin müsabiqələrdə 12 min nəfərə yaxın əlaçı tələbə iştirak etmiş, onlardan 1582 nəfəri ARDNŞ-in təqaüdünə layiq görülmüşdür.
Tədbirdə ARDNŞ-in insan resursları departamentinin rəisi Asif Bəkirli çıxış edərək bildirmişdir ki, cari ilin fevral-mart aylarında 2012/2013-cü tədris ili üzrə ölkəmizin ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün daxili təqaüd proqramına sənəd qəbulu keçirilmişdir. Müsabiqəyə 2 min 505 əlaçı tələbə müraciət etmiş, onlardan 1904 nəfəri test imtahanında iştirak etmək hüququ qazanmışdır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanında və ARDNŞ-in müsabiqə komissiyasının üzləri ilə müsahibədə uğur qazanmış 141 tələbə təqaüdçü adına layiq görülmüşdür. Təqaüdün aylıq məbləği isə 100 manat müəyyən olunmuşdur.
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov və Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov çıxış edərək təqaüdçü adına layiq görülmüş gəncləri təbrik etmiş və onlara təhsildə uğurlar arzulamışlar.
Qeyd olunmuşdur ki, son illər Dövlət Neft Şirkəti ölkənin bütün sosial-iqtisadi sahələrində olduğu kimi, təhsil sisteminin inkişafına da mühüm töhfələr vermişdir.
Sonda ilk dəfə təqaüdçü adını qazanan 72 tələbəyə təqaüd kartı təqdim edilmişdir.