İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin ekologiya idarəsində risklərin idarə olunması prosesində müxtəlif sığorta xidmətləri uğurla tətbiq edilir
Bakı, 25 iyul (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsində risklərin idarə olunması prosesində müxtəlif sığorta xidmətləri uğurla tətbiq edilir.
AZƏRTAC xəbər verir ki, idarə öz işini təşkil edərkən respublikanın sığorta bazarında mövcud olan sığorta xidmətlərindən tam yararlanır. Artıq idarədə 5 sığorta növü üzrə sığorta xidmətlərindən istifadə edilir.
İşçilərin sosial inkişafı və rifahının yaxşılaşdırılması, o cümlədən onların sağlamlıqlarının qorunması məqsədilə müvafiq sığorta şirkətləri ilə icbarı həyat sığortası və könüllü tibbi sığortası müqavilələri bağlanmışdır. Artıq üçüncü ildir ki sığorta müqavilələri icra olunmaqdadır.
İdarənin balansında olan avtonəqliyyat və xüsusi texnika vasitələrini idarə edənlərin mülki məsuliyyətinin icbari sığortası və bəzi avtonəqliyyat vasitələrinin kompleks sığortası da həyata keçirilir.
İdarə etibarlı tərəf müqabili kimi sifarişçilərin tələblərinə uyğun işlərin təhlükəsiz, ətraf mühitə ziyan vurmadan və keyfiyyətlə yerinə yetirilməsinə zəmanət verir. Bu məqsədlə idarənin fəaliyyət sahələri üzrə üçüncü şəxslər qarşısında mülki məsuliyyətin - məhsula görə məsuliyyətin sığortası həyata keçirilmişdir.
Bundan əlavə, idarəyə yeni işə daxil olanların müvafiq sığorta növləri üzrə sığortalanması, daxili yerdəyişmələr və işdən azad olunanlarla bağlı dəyişikliklərin aparılması, sığortaçılarla bağlanmış müqavilələrə uyğun sığorta işləri daim nəzarətdə saxlanılır və baş vermiş sığorta hadisələri ilə əlaqədar vaxtında operativ tədbirlər görülür.