İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin həyata keçirdiyi layihələr Buxarestdə keçirilən enerji sammitində böyük maraq doğurmuşdur
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 25-də Buxarestdə “Qiymətlərin liberallaşdırılmasının enerji bazarına və istehlakçılara təsiri” mövzusunda konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda Rumıniyanın enerji məsələləri üzrə dövlət naziri Konstantin Nita, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri, media təmsilçiləri iştirak etmişlər.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Rumıniyadakı nümayəndəliyinin rəhbəri Həmzə Kərimov konfransda çıxış edərək, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı roldan danışmış, ötən ay Trans-Adriatik qaz kəməri (TAP) layihəsinin rəsmən elan edilməsi, ARDNŞ-in Rumıniya, Gürcüstan, Ukrayna, Yunanıstan, Türkiyə və İsveçrədə yatırdığı investisiyalar və bir çox Avropa ölkələrindəki potensial sərmayə araşdırmaları haqqında məlumat vermişdir. O, sammit iştirakçılarının suallarını ətraflı cavablandıraraq, ARDNŞ-in Rumıniyanın enerji sektorunda investisiya layihələrini bundan sonra da davam etdirəcəyini vurğulamışdır.