İQTİSADİYYAT
Dövlət Neft Şirkətinin idarə və müəssisələrində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan tədbirlər keçirilib
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 19-da “Azneft” İstehsalat Birliyində keçirilən tədbirdə birliyin baş direktorunun birinci müavini Balamirzə Ağarəhimov neftçiləri təbrik edərək bildirib ki, kollektiv hər il olduğu kimi, bu il də öz peşə bayramını yüksək nailiyyətlərlə qeyd edir.
Digər çıxış edənlər 20 illik şərəfli yolda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlardan danışıblar.
Həmin gün Dövlət Neft Şirkətinin təlim, tədris və sertifikatlaşdırma idarəsində keçirilən bayram tədbirində idarənin nəzdində fəaliyyət göstərən təlim mərkəzlərinin nümayəndələri iştirak ediblər. İdarənin rəisi Fuad Süleymanov çıxış edərək ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə imzalanmış və “Əsrin müqaviləsi” adı almış sənədi Azərbaycan tarixinin şanlı səhifəsi adlandırıb. Qeyd edilib ki, idarənin yarandığı üç il ərzində 40 mindən artıq fəhlə və mühəndisi müvafiq kurslara cəlb edib. Hazırda idarənin nəzdində beş təlim mərkəzi fəaliyyət göstərir.
Neft kəmərləri idarəsini və onun istehsalat bölmələrini təmsil edən nümayəndələrin iştirakı ilə keçirilən yığıncaqda ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində ərsəyə gələn “Əsrin müqaviləsi”nin ölkəmizin ictimai-siyasi həyatında mühüm əhəmiyyəti vurğulanıb. İdarənin rəisi Vasif Əmirov və əmək kollektivinin üzvləri ulu öndər Heydər Əliyevin idarənin həyətindəki büstü önünə tər çiçəklər qoyub və əziz xatirəsini böyük minnətdarlıq hissi ilə yad ediblər. Qeyd olunub ki, idarənin kollektivi ARDNŞ rəhbərliyinin qarşıya qoyduğu bütün tapşırıqları vaxtlı-vaxtında yerinə yetirir və öz işini müasir standartlar səviyyəsində qurur.
“Əsrin müqaviləsi”nin 20 illik yubileyi Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda da böyük təntənə ilə qeyd edilib. Müəssisə rəhbərliyi və kollektivi əvvəlcə ümummilli lider Heydər Əliyevin zavodun qarşısında ucalan abidəsi önünə gül dəstələri qoyublar.
Zavodun direktoru Ayaz Qarayev kollektivi əlamətdar yubiley münasibətilə təbrik edib. Vurğulanıb ki, zavodda istehsal olunan özüllər ölkəmizin enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb.
Yubiley tədbirlərində səmərəli və nümunəvi əmək fəaliyyəti ilə fərqlənən işçilər Fəxri fərmanlar və qiymətli hədiyyələrlə mükafatlandırılıb.