ELM VƏ TƏHSİL
Dövlət Neft Şirkətinin təlim, tədris və sertifikatlaşdırma idarəsində yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilmişdir
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim, tədris və sertifikatlaşdırma idarəsində yeni tədris ilinin başlanması münasibətilə tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, görüşdə ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov iştirakçıları Bilik günü münasibətilə təbrik etmişdir. Bildirilmişdir ki, təlim, tədris və sertifikatlaşdırma idarəsi Azərbaycan Prezidenti İlham Əliyevin neft kapitalının insan kapitalına çevrilməsinə dair çağırışının həyata keçirilməsi istiqamətində mühüm yer tutur.
Bildirilmişdir ki, ARDNŞ-də çalışan işçilərin 44 min 600-dən çoxunu fəhlə kateqoriyalı işçilər təşkil edir. Bu kateqoriyadan olan işçilərin 9-10 faizi yenilənir ki, bu da 4 min işçi deməkdir. Bu səbəbdən də şirkətin istehsalat sahələrində fəhlə kateqoriyalarına ehtiyac yaranır.
Qeyd olunmuşdur ki, təlim, tədris və sertifikatlaşdırma idarəsi artıq 2005-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində idarə tərəfindən şirkətdə fəhlə kateqoriyalarına olan tələbat ödənilir. Gənclər burada müxtəlif peşə biliklərinə yiyələnir, təcrübəli və tam işləmək qabiliyyətində olan işçi kimi yetişirlər.
Vurğulanmışdır ki, Azərbaycanın birinci xanımı Mehriban ƏIiyevanın təşəbbüsü ilə artıq 7 ildir ki, idarədə valideyn himayəsindən məhrum olmuş uşaqların müsabiqəsiz qəbuluna başlanılmışdır. Hazırda şirkətin müxtəlif idarələrində 50-dən çox bu qəbildən olan fəhlə kateqoriyalı işçilər çalışır.
Vitse-prezident gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.