ELM VƏ TƏHSİL
Dövlət Neft və Sənaye Universiteti kollektivinin Silahlı Qüvvələrə yardımının həcmi 200 min manatı keçib
Bakı, 3 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Silahlı Qüvvələrə Yardım Fonduna daha 50 min manat vəsait köçürüb.
Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, bununla da universitetin və professor-müəllim heyətinin fərdi qaydada könüllü surətdə Silahlı Qüvvələrə göstərdiyi yardımın ümumi həcmi 200 min manatı keçib.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Silahlı Qüvvələrimizə yardım kampaniyası 4 istiqamətdə gerçəkləşdirilir. Bunlar ADNSU-nun büdcəsindən Silahlı Qüvvələrə Yardım Fonduna köçürmələr, universitetin əməkdaşları tərəfindən könüllü şəkildə fərdi qaydada Fonda köçürmələr, əməkdaşların könüllü şəkildə topladıqları vəsait hesabına cəbhə xəttindəki əsgərlərə birbaşa yardım, Ermənistanın təxribatlarına qarşı ordumuzun apardığı əks-hücum əməliyyatlarında iştirak edən ADNSU-nun tələbə, məzun və əməkdaşlarının ailələrinə göstərilən birbaşa yardımdır. Bundan əlavə, universitetin əməkdaşları və Tələbə-Həmkarlar İttifaqı Komitəsinin xətti ilə cəbhədə döyüşən əsgərlərə isti paltar və digər geyimlərdən ibarət bağlamaların yola salınması kampaniyası da davam edir.
ADNSU-nun sayı 20 mindən artıq olan tələbə və müəllim heyəti universitetin “Facebook”, “Instagram”, “Telegram” və digər sosial şəbəkə hesabları, eləcə də fərdi hesabları vasitəsilə Ermənistanın virtual məkandakı təxribat və dezinformasiya kampaniyasını ifşa edir.
Xatırladaq ki, ADNSU tərəfindən oktyabrın 5-də Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülüb. Oktyabrın 9-dək əməkdaşların fərdi qaydada Fonda köçürdüyü vəsaitin həcmi 33 856 manat olub. Oktyabrın 7-də və 25-də universitet tərəfindən cəbhə xəttinin ayrı-ayrı bölgələrində döyüşən əsgərlərimizə yardım olunub.