ELM VƏ TƏHSİL
Dövlət orqanlarında 165 vakant vəzifənin tutulması üçün müsahibə elan edilib
Bakı, 15 fevral, AZƏRTAC
Ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin hamısı mərkəzi icra hakimiyyəti orqanlarının mərkəzi aparatlarında, tabeliyində olan qurumlarında və yerli təşkilatlarındadır.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 110, Kənd Təsərrüfatı Nazirliyində 43, Təhsil Nazirliyində 8, Dövlət Statistika Komitəsində 2, Maliyyə Nazirliyində 1 və Səhiyyə Nazirliyində 1, ümumilikdə 165 vakant vəzifə çıxarılıb.
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq, müvafiq dövlət orqanı üzrə ümumi müsahibəyə çıxarılan vakant dövlət qulluğu vəzifələrinin tutulmasında həmin dövlət orqanında və ya digər dövlət orqanında inzibati vəzifələrdə qulluq keçən və inzibati vəzifələrin təsnifatına uyğun ixtisas dərəcəli dövlət qulluqçuları, habelə azı beş il qulluq stajına malik və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilərlər.
Ümumi müsahibədə iştirak etmək istəyən Azərbaycan Respublikası vətəndaşları sənədlərini martın 4-ü saat 18:00-dək DİM-ə şəxsən və ya poçt xidməti vasitəsilə təqdim etməlidirlər.