ELM VƏ TƏHSİL
Dövlət orqanlarında inzibati vəzifələr üzrə daxili müsahibədə iştirak üçün 63 nəfər müraciət edib
Bakı, 21 fevral, AZƏRTAC
On bir dövlət orqanında inzibati vəzifələrin 2-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə daxili müsahibəyə fevralın 7-dən başlanan qeydiyyat davam edir.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, vəzifələrin 48-i dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 16-sı B növü vəzifələrə (inzibati icraçı) aiddir. Daxili müsahibədə iştirak etmək istəyən namizədlər fevralın 28-dək mərkəzin internet portalında “Dövlət qulluğu üzrə müraciət Forması”nı doldurmaqla qeydiyyatdan keçməlidirlər. Bu gün saat 17:00-dək olan məlumata görə, 63 nəfərin müraciəti qeydə alınıb.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 27, Mədəniyyət Nazirliyində 8, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində 6, Maliyyə Nazirliyində 6, Kənd Təsərrüfatı Nazirliyində 5, Qida Təhlükəsizliyi Agentliyində 4, Energetika Nazirliyində 4, Hesablama Palatasında 1, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 1, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində 1, Milli Televiziya və Radio Şurasında 1 vakant vəzifə daxili müsahibə elanına çıxarılıb.