SİYASƏT
DÖVLƏT QULLUĞU MƏSƏLƏLƏRİ ÜZRƏ KOMİSSİYA GƏNCƏ VƏ TOVUZDA TƏLİMLƏR KEÇİRMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yerli icra hakimiyyətləri orqanları və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli bölmələri üçün Gəncə və Tovuzda təlimlər keçirmişdir.
Təlimlərə Goranboy, Naftalan, Xocalı, Samux, Göygöl, Kəlbəcər, Gəncə, Daşkəsən, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa və Qazax şəhərlərinin yerli icra hakimiyyəti orqanlarında və mərkəzi icra hakimiyyəti orqanlarının ikili tabelikdə olan yerli orqanlarında çalışan 130 rəhbər vəzifəli dövlət qulluqçusu iştirak etmişdir.
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları “Dövlət qulluqçularının etik davranış qaydaları”, “Müsahibənin keçirilmə qaydaları”, “Dövlət qulluqçularının vəzifə təlimatları”, “Kadrların idarə edilməsinə müasir yanaşma” mövzularında çıxış etmiş, dövlət qulluğu və kadr siyasəti sahəsində bir sıra digər mövzular ətrafında təlim iştirakçıları ilə fikir mübadiləsi aparmışlar.