ELM VƏ TƏHSİL
Dövlət qulluğu üzrə test imtahanında iştirak etmək üçün 500-dək namizəd qeydiyyatdan keçib
Bakı, 18 mart, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə aprelin 10-da keçiriləcək test imtahanına qeydiyyat davam edir.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyat martın 31-i saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb. Bu gün saat 11:45-dək olan məlumata görə, imtahanda iştirak etmək üçün 496 (BA - 129, BB - 367) namizəd qeydiyyatdan keçib.
İmtahanların başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.