İQTİSADİYYAT
Dövlət qurumları öz məlumatlarını www.data.gov.az portalında yerləşdirməklə, ictimaiyyəti öz xidmətləri ilə tanış edəcəklər VİDEO
Bakı, 7 fevral, Elvira Məmmədova, AZƏRTAC
Dövlət qurumları öz məlumatlarını www.data.gov.az portalında yerləşdirməklə, həm ictimaiyyəti öz xidmətləri ilə tanış edəcək, həm də ayrı-ayrı məlumat bazaları barədə ətraflı məlumatlandıracaqlar. Bu məlumatlar isə proqramçılar, müxtəlif elektron xidmət yaradan şirkətlər, startapçılar üçün açıq olacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) şöbə müdiri Tahir Məmmədov "Açıq hökumət məlumatları" mövzusunda keçirilən konfransda bildirib.
T.Məmmədov qeyd edib ki, konfrans RYTN tərəfindən idarə olunan portalın inteqrasiyası prosesini sürətləndirmək məqsədilə təşkil olunub. Açıq hökumət məlumatlarının yerləşdirilməsi çox önəmli bir prosesdir. İnformasiya cəmiyyətinin inkişafı üçün əhəmiyyətli məlumatların açıq olması İKT sektorunun inkişafı, mobil tətbiqlərin hazırlanması, dövlət qurumları ilə cəmiyyət, auditoriya arasında daha rahat elektron ünsiyyətin qurulması üçün çox önəmlidir.
RYTN Məlumat Hesablama Mərkəzi tərəfindən yaradılan www.data.gov.az saytında dövlət qurumlarının, özəl müəssisələrin, bank sektorunun ictimaiyyət üçün açıq olan məlumatları mövcuddur və bu məlumatlar daim yenilənir.