Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT RÜSUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2008-ci il 30 dekabr tarixli 757-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. iki ay müddətində:

1.1.1. qüvvədə olan qanunvericilik aktlarının “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.1.3. bu Fərmanın 3-cü bəndinə uyğun olaraq qüvvədən düşmüş aktların siyahısını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. əvvəllər müxtəlif mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında qalan “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənən ödənişlərin dövlət büdcəsində cəmləşdirilməsi ilə əlaqədar həmin mərkəzi icra hakimiyyəti orqanlarının əlavə maliyyələşdirilməsi məsələlərini həll etsin;

1.3. öz səlahiyyətləri daxilində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinin adında “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini şəhər, rayon (şəhərlərdə rayon icra hakimiyyəti orqanları istisna olmaqla) icra hakimiyyəti orqanları həyata keçirirlər.

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin həyata keçirilməsinə görə ödənişlərin (haqların) tutulmasını və həcmlərini müəyyən edən Azərbaycan Respublikasının Nazirlər Kabineti, mərkəzi icra hakimiyyəti orqanları, Bakı şəhər icra hakimiyyəti və digər rayon (şəhər) icra hakimiyyəti orqanları tərəfindən qəbul edilmiş aktlar qüvvədən düşmüş hesab edilsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmayan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənişlərin (haqların) yığılmasının dayandırılmasına nəzarət etsin və mütəmadi olaraq bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

5. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 fevral 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin