Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“DÖVLƏT RÜSUMU HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2008-Cİ İL 30 DEKABR TARİXLİ 757-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQİ İLƏ ƏLAQƏDAR AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, №2, maddə 92; 2001-ci il, №11, maddə 683; 2004-cü il, №2, maddə 57, №10, maddə 761; 2007-ci il, №10, maddə 938) aşağıdakı məzmunda 15-ci maddə əlavə edilsin:

“Maddə 15. Standartlaşdırma sahəsində hüquqi hərəkətlərə görə dövlət rüsumu

15.1. Standartlaşdırma sahəsində aşağıdakı hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

15.1.1. məhsulların (işlərin, xidmətlərin) idarəetmə sistemlərinin (keyfiyyətin, ətraf mühitin, əməyin mühafizəsinin və təhlükəsizliyinin, ərzaq məhsullarının təhlükəsizliyinin və s.) sertifikatlaşdırılması;

15.1.2. sertifikatlaşdırma üzrə orqanın akkreditasiyası barədə attestatın verilməsi;

15.1.3. standartlaşdırma sahəsində normativ sənədlərin dövlət qeydiyyatı və onlarda dəyişikliyin aparılması.”.

II. “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №1, maddə 12; 1999-cu il, №4, maddə 225; 2000-ci il, №8, III kitab, maddə 587; 2001-ci il, №3, maddələr 142, 145, №5, maddələr 295, 298, №11, maddə 683; 2004-cü il, №1, maddələr 6, 13, №2, maddələr 57, 58; 2005-ci il, №2, maddə 61, №12, maddə 1083; 2006-cı il, №3, maddə 224; 2007-ci il, №8, maddə 749, №12, maddə 1218) 15-ci maddəsinin 4-cü bəndinin birinci abzasından “yerləşdirilməsi,” sözü çıxarılsın, ikinci və üçüncü abzaslar müvafiq olaraq üçüncü və dördüncü abzaslar hesab edilsin və aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin:

“Küçə reklamı lövhəsinin yerləşdirilməsinə görə birdəfəlik icazənin verilməsi üçün dövlət rüsumu ödənilir.”.

III. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, №9, maddə 564; 2001-ci il, №5, maddə 298, №11, maddələr 676, 698; 2002-ci il, №1, maddə 9, №8, maddə 463; 2003-cü il, №8, maddə 424; 2004-cü il, №2, maddə 57, №11, maddə 901; 2005-ci il, №4, maddə 277, №10, maddə 874, №11, maddə 993; 2006-cı il, №12, maddə 1027; 2007-ci il, №6, maddə 560, №11, maddələr 1053, 1091; 2008-ci il, №2, maddə 49, №6, maddələr 453, 463, №7, maddə 602; 2009-cu il, №2, maddə 47; №4, maddə 210) aşağıdakı dəyişikliklər edilsin:

1. 23-cü maddənin II hissəsindən “nəqliyyat vasitələrinin dövlət qeydiyyatı şəhadətnamələrinin və nişanlarının verilməsi, sürücülük vəsiqələrinin verilməsi,” sözləri çıxarılsın.

2. 27-ci maddə üzrə:

2.1. I hissənin ikinci cümləsindən və VI hissənin 4-cü bəndindən “, yaxud ödənclərin” sözləri çıxarılsın;

2.2. XII hissənin 3-cü bəndindən “, yaxud ödənclərin” sözləri çıxarılsın.

3. 28-ci maddənin III hissəsinin ikinci cümləsində və V hissəsində, 29-cu maddənin II hissəsinin ikinci cümləsində, 35-ci maddənin I hissəsinin 3-cü bəndində “haqq” sözü “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.

4. 30-cu maddənin VII hissəsinin 4-cü bəndindən “və yaxud ödənclərin” sözləri çıxarılsın.

5. 35-ci maddənin II hissəsinin 4-cü bəndində “haqqın” sözü “dövlət rüsumunun” sözləri ilə əvəz edilsin.

IV. “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, №8, maddə 473; 2001-ci il, №11, maddə 676; 2002-ci il, №5, maddə 241; 2007-ci il, №10, maddə 938; 2008-ci il, №7, maddə 602) aşağıdakı məzmunda 18-1-ci maddə əlavə edilsin:

“Maddə 18-1. Tikinti, memarlıq və şəhərsalma sahəsində həyata keçirilən xidmətlərə görə dövlət rüsumu

Tikinti, memarlıq və şəhərsalma sahəsində xidmətlərə görə dövlət rüsumu ödənilir.”.

V. “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, №8 (I kitab), maddə 582; 2007-ci il, №5, maddə 442) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 17.1.1-ci maddə çıxarılsın;

2. aşağıdakı məzmunda 17-1-ci maddə əlavə edilsin:

“Maddə 17-1. Metrologiya sahəsində hüquqi hərəkətlərə görə dövlət rüsumu

Ölçmə vasitələrinin tipinin təsdiqi, dövlət reyestrinə salınması və sınaqların aparılaraq attestatın verilməsi, sınaq və kalibrləmə laboratoriyalarının akkreditasiyası barədə attestatın verilməsi üçün dövlət rüsumu ödənilir.”.

VI. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, №7, maddə 444; 2006-cı il, №12, maddə 1029; 2007-ci il, №5, maddə 442, №6, maddə 562, №8, maddə 756) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Dənizçilik sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu

6-1.1. Dənizçilik sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6-1.1.1. Azərbaycan Respublikası Bayrağı altında üzmək hüququ (patent) haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.2. berbout-çarter reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Azərbaycan Respublikasının Bayrağı altında üzmək hüququ haqqında müvəqqəti Şəhadətnamənin verilməsi;

6-1.1.3. Dövlət Gəmi Reyestrində qeydiyyata və ya təkrar qeydiyyata alınaraq gəmilərə Mülkiyyət hüququ haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.4. heyətin tərkibi haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.5. neftlə çirklənmənin qarşısının alınması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.6. gəmi Reyestrindən çıxarışın verilməsi;

6-1.1.7. gəminin “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.8. gəminin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.9. limanın (liman məntəqəsinin) “Gəmi və Liman Vasitələrinin Mühafizəsi haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.10. dənizçilik şirkətinin “Əmniyyətli İdarəetmə haqqında Beynəlxalq Məcəllə”nin tələblərinə uyğun olması haqqında Şəhadətnamənin verilməsi;

6-1.1.11. gəmi komandir və sıravi heyət üzvlərinə İxtisas şəhadətnamələrinin (işçi diplomların) və təsdiqnamələrin verilməsi;

6-1.1.12. gəmi heyət üzvləri üçün hazırlıq kursları sertifikatlarının verilməsi;

6-1.1.13. dənizçinin Qeyd Kitabçasının verilməsi;

6-1.1.14. dənizçinin şəxsiyyət sənədinin verilməsi;

6-1.1.15. kiçik həcmli gəmilərə gəmi biletinin verilməsi;

6-1.1.16. mühərriksiz kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.17. mühərrikli kiçik həcmli gəmilərin qeydiyyata alınması;

6-1.1.18. kiçik həcmli gəmilərə texniki baxışın keçirilməsi;

6-1.1.19. kiçik həcmli gəmilərə gəmi reyestrindən çıxarış verilməsi;

6-1.1.20. kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqələrinin verilməsi.”.

2. 39-cu maddənin ikinci cümləsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş tariflər üzrə ödənişlə” sözləri “Dövlət rüsumu ödəməklə” sözləri ilə əvəz edilsin.

VII. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, №8, maddə 603; 2006-cı il, №6, maddə 482; 2007-ci il, №8, maddə 745; 2008-ci il, №3, maddə 154) 6-cı maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 6. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu

6.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması sahəsində aşağıdakı xidmətlərə və hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6.1.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər:

6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın verilməsi;

6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi.

6.1.2. Vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması;

6.1.3. tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində hüquqların qabaqcadan dövlət qeydiyyatı, məhv olmuş daşınmaz əmlakın və onun üzərindəki hüquqların dövlət qeydiyyatının ləğvi və dövlət reyestrindən məlumatın verilməsi;

6.1.4. ipotekanın təkrar və əlavə qeydiyyatı, girovun əlavə qeydiyyata alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi;

6.1.5. torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün mərzçəkmə işləri ilə bağlı pilonun vurulmasına görə - (hər döngə nöqtəsi üçün);

6.1.6. daşınmaz əmlak üzərində hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsinə görə.

6.2. Bu Qanun qüvvəyə minənədək daşınmaz əmlak üzərində hüquqları təsdiq etmiş aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün dövlət rüsumu tutulmur.”.

VIII. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №6, maddə 461; 2007-ci il, №5, maddə 436, №11 maddə 1053; 2008-ci il, №5, maddə 348) 16.1-ci maddəsində “ipotekanın qeydiyyata” sözündən sonra “, təkrar” sözü əlavə edilsin.

IX. “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 682; 2007-ci il, №12, maddə 1218; 2008-ci il, №2, maddə 49, №5, maddə 344) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 1.0.6-cı maddədə “qeydiyyat vəsiqəsinin” sözləri “qeydiyyat şəhadətnaməsinin” sözləri ilə əvəz edilsin.

2. 33.1-ci maddənin üçüncü cümləsində “qeydəalma vəsiqəsi” sözləri “qeydiyyat şəhadətnaməsi” sözləri ilə əvəz edilsin.

3. Aşağıdakı məzmunda 39.3-cü maddə əlavə edilsin:

“39.3. Baytarlıq şəhadətnaməsinin, sertifikatının və baytarlıq preparatlarının qeydiyyat şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu ödənilir.”.

X. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, №8, maddə 689; 2007-ci il, №12, maddə 1218) aşağıdakı məzmunda 6-1-ci maddə əlavə edilsin:

“Maddə 6-1. Mülki aviasiya sahəsində xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu

6-1.1. Mülki aviasiya sahəsində aşağıdakı xidmətlərə və ya hüquqi hərəkətlərə görə dövlət rüsumu ödənilir:

6-1.1.1. aeroportlara və ya aerodromlara uyğunluq sertifikatının verilməsi;

6-1.1.2. hava nəqliyyatı istismarçılarına sertifikatın verilməsi;

6-1.1.3 mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının verilməsi;

6-1.1.4 mülki aviasiya sahəsində fəaliyyət göstərən digər subyektlərə uyğunluq sertifikatının təkrar verilməsi;

6-1.1.5 hava gəmilərinə qeydiyyat şəhadətnaməsinin verilməsi;

6-1.1.6 hava gəmisinin tipinin sertifikatının tanınması;

6-1.1.7 hava gəmilərinə uçuşa yararlılıq sertifikatının verilməsi;

6-1.1.8 hava gəmilərinə uçuşa yararlılıq sertifikatının müddətinin uzadılması;

6-1.1.9. hava təhlükəsizliyi və aeronaviqasiya üçün istifadə olunan avadanlıqlara uyğunluq sertifikatının verilməsi;

6-1.1.10. aviasiya təhlükəsizliyi üçün istifadə olunan avadanlıqların sertifikatının tanınması;

6-1.1.11. xüsusi şəraitdə uçuşların yerinə yetirilməsinə icazə verilməsi;

6-1.1.12. müntəzəm marşrutlara uçuş icazəsinin verilməsi;

6-1.1.13. çarter marşrutlara uçuş icazəsinin verilməsi;

6-1.1.14. İATA-nın "Mülki Aviasiya rüsumu" ekonom sinif;

6-1.1.15. İATA-nın "Mülki Aviasiya rüsumu" biznes və birinci sinif.”.

XI. “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, №8, maddə 655; 2007-ci il, №6, maddə 595) aşağıdakı dəyişiklik və əlavə edilsin:

1. 14.3.1-ci maddədə “xidmət haqqı” sözləri “dövlət rüsumu” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 34.4-cü maddə əlavə edilsin:

“34.4. Pestisidlərə, bioloji preparatlara və aqrokimyəvi maddələrə qeydiyyat şəhadətnamələrinin, idxal karantin icazəsinin və fitosanitar sertifikatlarının verilməsi üçün dövlət rüsumu ödənilir.”.

XII. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, №2, maddə 70, №11, maddə 1046; 2009-cu il, №6, maddə 397,) aşağıdakı məzmunda 6.10-cu maddə əlavə edilsin:

“6.10. Dərman vasitələrinin və maddələrinin dövlət qeydiyyatı üçün dövlət rüsumu ödənilir.”.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin