İQTİSADİYYAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə BMTİP arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 28 mart, AZƏRTAC
Martın 28-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) Azərbaycandakı nümayəndəliyinin yeni təyin edilmiş rəhbəri Nuno Queiros ilə görüşüb.
Komitədən AZƏRTAC-a bildirilib ki, Anar Quliyev qonağı yeni təyinat münasibətilə təbrik edərək ölkəmizdə salamlayıb, müxtəlif sahələrdə BMTİP ilə əməkdaşlıq imkanlarına toxunub. BMTİP nümayəndəliyinin rəhbəri komitə sədrinə minnətdarlığını bildirərək, öz növbəsində iki qurum arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə məlumat verib.
Daha sonra tərəflər Azərbaycanda “Şəhərsalma nəzarətinin elektron sistemi” birgə layihəsinin cari vəziyyəti, onun yaxın bir zamanda reallaşdırılmasına dair növbəti addımlar barədə ətraflı müzakirələr aparıblar.
Qeyd edək ki, layihənin əsas məqsədi şəhərsalma sahəsində elektron nəzarət sisteminin yaradılması, baş verən özbaşına tikinti və söküntü hallarının çevik şəkildə aşkar edilməsi ilə müvafiq tədbirlərin görülməsi, nəticə etibarilə isə şəhərsalma və tikinti fəaliyyətlərinə dövlət nəzarətinin daha da gücləndirilməsidir.