REGİONLAR
Dövlət Sərhəd Xidmətinin rəisi şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib VİDEO
Xaçmaz, 9 iyul, Elxan Yusifli, AZƏRTAC
İyulun 9-da Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev Xudat şəhərində Quba, Qusar, Xaçmaz və Şabran rayonundan olan vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbul zamanı vətəndaşların Dövlət Sərhəd Xidmətində işə qəbul, sosial müavinətlərin verilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Qaldırılan məsələlər Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur rəhbərlərinin iştirakı ilə araşdırılıb və konkret tapşırıqlar verilib. Əksər məsələlər yerindəcə həll edilib.
Dövlət Sərhəd Xidmətinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.
Qəbula gələn vətəndaşlar regionlarda görüşlərin keçirilməsini, onların təklif, şikayət və rəylərinin öyrənilməsini, qanuni tələblərin yerinə yetirilməsini yüksək qiymətləndirərək, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razılıqlarını bildirib, yaradılan şəraitə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq ediblər.