RƏSMİ XRONİKA
DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN SAHİL MÜHAFİZƏSİNİN YENİ BAZASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏRASİMDƏ İŞTİRAK ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 8-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil mühafizəsinin yeni bazasının açılışı olmuşdur.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev Ali baş komandana raport verdi.
Sərhədçilərə göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə dövlətimizin başçısına təşəkkür edən DSX-nin rəisi bildirdi ki, Sahil mühafizəsinin yeni bazası Prezidentin Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Sərhədlərinin mühafizəsi sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair Dövlət Proqramı” çərçivəsində yaradılmışdır. Azərbaycan Respublikasının dəniz sərhədlərinin mühafizəsi vəzifəsini həyata keçirəcək bazanın inşasına 2007-ci il iyunun 29-da başlanılmışdır. Qısa müddətdə inşa edilmiş bazaya komanda idarəetmə mərkəzi, təlim-tədris mərkəzi, Heydər Əliyev muzeyi, klub, yeməkxana, vertolyot meydançaları, gəmi təmiri emalatxanası, dənizdə təlim poliqonu, yanalma körpüləri, yaşayış kompleksi daxildir.
Yeni baza Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub hissəsində nəzarətin daha da gücləndirilməsində, dəniz sərhədlərinin, neft-qazçıxarma rayonlarının, platformaların və sualtı boru kəmərlərinin daha etibarlı şəkildə mühafizəsinin təmin olunmasında mühüm rol oynayacaqdır.
Əvvəlcə qərargahla tanış olan Prezident İlham Əliyevə məlumat verildi ki, hazırda DSX-nin sifarişi ilə 200-dən çox müxtəlif təyinatlı obyektin, o cümlədən akademiyanın, “Sərhədçi” olimpiya-idman kompleksinin, zabit, gizir və miçman heyəti üçün binaların, xidməti heyvanlar üçün mərkəzin, hərbi hospitalın tikintisi və təmiri davam edir. Təkcə 2008-ci ildə 500-dək sərhədçi mənzillə təmin olunmuşdur.
Prezident İlham Əliyev tikinti-quruculuq işlərini əks etdirən fotoşəkillərə baxdı.
Sonra komanda idarəetmə mərkəzinə gələn Ali baş komandana məlumat verildi ki, Xəzərin Azərbaycan sektorunda hərəkət edən bütün obyektlər radarlar vasitəsilə müşahidə edilir. Kameralar vasitəsilə isə 18-20 kilometr məsafədə hərəkət edən bütün hədəfləri görmək mümkündür. Əraziyə daxil olan gəmilər sorğuya cavab vermədiyi təqdirdə, Sərhəd Xidmətinin gəmiləri vasitəsilə onun mənsubiyyəti araşdırılır.
Monitorlarda dənizdə real vəziyyəti əks etdirən xəritə-sxemlər nümayiş etdirildi.
Prezident İlham Əliyev bazanın tədris mərkəzində kütləvi qırğın silahlarından müdafiə qurğuları, rabitə, xarici dil, xüsusi sərhəd hazırlığı və baxış qrupunun hazırlığı siniflərində müasir avadanlıq, ləvazimat və silahlarla tanış oldu. Müstəqil respublikamızda Sahil mühafizəsinin yaranmasını əks etdirən çoxsaylı eksponatların nümayiş etdirildiyi muzeylə tanışlıq da yaxşı təəssürat doğurdu.
Dövlətimizin başçısı 530 nəfər tamaşaçı yeri olan və müasir avadanlıqla təchiz edilmiş klubda yaradılmış Heydər Əliyev muzeyində ulu öndərin dövlətçilik fəaliyyətini və onun Azərbaycan sərhədlərinin mühafizəsinə göstərdiyi böyük diqqət və qayğını, sərhədçilərlə keçirdiyi görüşləri əks etdirən zəngin eksponatlarla tanış oldu, xatirə kitabına ürək sözlərini yazdı.
Sonra Azərbaycan Prezidenti bazanın ərazisində yüksək keçid imkanlarına malik, müasir cihazlar, o cümlədən radiolokasiya stansiyaları quraşdırılmış avtomobillərlə, minaları zərərsizləşdirən qurğularla və sualtı üzmə vasitələri ilə tanış oldu.
Ali baş komandan daha sonra Sahil mühafizəsinin yaşayış kompleksinə gəldi. Kiçik şəhərciyi xatırladan kompleksdəki yaşayış binalarının hər birində mebel və digər məişət avadanlığı ilə təmin olunmuş 18 mənzil var. Burada uşaq bağçası, kafe, mağaza, idman qurğuları və məişət evi də inşa olunmuşdur. Sərhədçilərin uşaqlarının istirahəti və əyləncəsi üçün də burada hər cür şərait yaradılmışdır.
Ali baş komandan Sahil mühafizəsinin vertolyot meydançalarına, heyətin xüsusi dəniz hazırlığı üzrə poliqonuna, yanalma körpülərinə və hidrotexniki qurğulara, gəmilərə, katerlərə və qayıqlara da baxdı.
Azərbaycan Prezidenti, Ali baş komandan İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Sahil mühafizəsinin ən yüksək tələblərə cavab verməsi üçün görülmüş işlərdən razılığını bildirdi, müvafiq tövsiyə və tapşırıqlarını verdi.
######