CƏMİYYƏT
Dövlət sosial xidmətləri üzrə “e-sosial” internet portalı iki ay ərzində hazır olacaq
Bakı, 14 sentyabr, AZƏRTAC
Prezident İlham Əliyevin “Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında” 2018-ci il 5 sentyabr tarixli Fərmanına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “e-sosial” internet portalının yaradılması iki ay ərzində reallaşacaq.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, portalın yaradılması işlərinin cari ilin noyabr ayında tam yekunlaşdırılması təmin ediləcək. Bu istiqamətdə nazirlikdə müvafiq işlər davam etdirilir.
Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində dövlət xidmətlərinin vahid platforma üzərindən elektron formada təqdim edilməsi üçün “e-sosial” internet portalı mühüm mənbə rolunu oynayacaq. Ümumilikdə nazirliyin bütün xidmətləri avtomatlaşdırılmış formada bu portalda əhatə olunacaq. Geniş funksional imkanları özündə cəmləşdirəcək portal, eyni zamanda, müvafiq xidmətlərin sistemli, bir-biri ilə əlaqələndirilmiş şəkildə təqdim olunmasına təminat verəcək.
Dövlət başçısının 2018-ci il 9 avqust tarixli Fərmanı ilə Nazirliyin tabeliyində yaradılacaq DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin və “DOST” mərkəzlərinin fəaliyyəti üçün elektron infrastrukturda “e-sosial” internet portalı əsas alətlərdən biri olacaq.