İQTİSADİYYAT
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndə heyəti İsveçin Stokholm və Yevle şəhərlərində səfərdə olmuşdur
Bakı, 19 mart (AZƏRTAC). “Torpağın Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq bonitirovkası və iqtisadi qiymətləndirilməsi qaydalarının təkmilləşdirilməsi ilə dövlət torpaq kadastrı məlumatlarının müasir qeydiyyatı sisteminin yaradılması sahəsində Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dəstək” adlı Tvinninq layihəsi çərçivəsində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçin Stokholm və Yevle şəhərlərində səfərdə olmuşdur.
Komitədən AZƏRTAC-a bildirmişlər ki, səfər çərçivəsində İsveç hökumətinin torpaq kadastrı, yerquruluşu, geodeziya və kartoqrafiya sahəsində dövlət siyasətini həyata keçirən və formalaşdıran Lantmateriet tərəfindən bu sahədə Avropa İttifaqının qiymətləndirmə standartlarına uyğun olaraq görülən işlərlə bağlı ətraflı müzakirələr aparılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əməkdaşlarının bu sahədə institusional hazırlığının artırılması istiqamətində İsveçin təcrübəli rəhbər vəzifəli şəxsləri, ekspertləri və mütəxəssisləri zəruri təlimlər keçmişlər.
Səfər zamanı İsveçin Xəritəçəkmə, Kadastr və Torpaq qeydiyyatı orqanı olan Lantmaterietdə çoxsaylı görüşlər keçirilmişdir. Görüşlərdə İsveçin hökumət strukturu olan Lantmaterietin rəhbəri Bengt Kjellsona, eləcə də həmin qurumun digər rəhbər vəzifəli şəxslərinə Azərbaycanda uğurla həyata keçirilən digər irimiqyaslı iqtisadi islahatlarla yanaşı, torpaq islahatının qarşıya qoyduğu məqsəd və vəzifələr barədə ətraflı məlumatlar verilmiş və əldə olunmuş uğurlu nəticələrdən danışılmışdır.