REGİONLAR
Dövlət Toxum Fondunun tabeliyindəki zavodlarda 1000 ton toxum emal olunub
Bakı, 14 avqust, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Dövlət Toxum Fondunun Xaçmaz və Şəki şəhərlərində yeni inşa edilmiş toxum emalı zavodlarında bir ay ərzində 1000 ton yerli və xarici toxum emal olunub. Müəssisələr saatda 5 ton toxum emal etmək gücünə malikdir və emal olunmuş toxum 5000 hektar ərazini keyfiyyətli toxumla təchiz edə bilər.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, emal prosesi dörd mərhələdən ibarətdir. İlk mərhələdə əsas daş qalıqları və iri saman çöpləri, ikinci mərhələdə xırda saman çöpləri və vələmir, üçüncü mərhələdə xırda buğdalar, dördüncü mərhələdə buğda köynəyi və boş buğdalar təmizlənərək kalibrləmə edilir. Təmizlənmiş buğdalar sürmə xəstəliyinə qarşı maddə ilə dərmanlanaraq 50 kiloqramlıq kisələrə yığılır.
Zavodların əsas üstünlüyü toxum emalını az itki ilə həyata keçirməsidir və mövsümdə toxum istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində vacib rol oynayacaq.
Hazırda zavodlarda emal prosesi davam edir.