İQTİSADİYYAT
Dövlət Vergi Xidməti: Xammal və material sərfi normaları barədə məlumat düzgün göstərilməlidir
Bakı, 26 aprel, AZƏRTAC
Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, mikro və kiçik sahibkarlıq subyektləri istisna edilməklə, istehsal fəaliyyəti ilə məşğul olan vergiödəyiciləri tərəfindən istehsal edilən məhsulun vahidinə tələb olunan xammal və material sərfi normaları barədə müvafiq formada məlumatı hər il yanvarın 31-dək elektron qaydada vergi orqanına təqdim etmək vergiödəyicilərinin vəzifəsidir.
AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, istehsal prosesi, o cümlədən yeni məhsul növünün istehsalına başlanılması ilə bağlı təqdim edilmiş məlumatda il ərzində dəyişiklik olarsa, bununla bağlı dürüstləşdirilmiş məlumat təqvim ili ərzində vergi orqanına təqdim edilməlidir.
Eyni zamanda, qeyd olunan məlumat formasının müəyyən edilmiş müddətdə təqdim olunmamasına və ya təqdim edilmiş məlumat formasında təhrif olunmuş məlumatların göstərilməsinə görə vergiödəyicisinə min manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.