REGİONLAR
Dövlət yardımından bəhrələnən qəbələli fermerlər əkin sahələrini və məhsuldarlığı ildən-ilə artırırlar
Qəbələ, 8 sentyabr (AZƏRTAC). Aqrar sahəyə dövlət qayğısının artması nəticəsində respublikanın hər yerində olduğu kimi Qəbələ rayonunda da kənd təsərrüfatı inkişaf edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, Prezident İlham Əliyevin “Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında” Sərəncamı bu gün Qəbələdə uğurla icra olunur.
Bu ilin əvvəlində torpaq mülkiyyətçilərinə buğda əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına 760 min 601 manat yardım hesablamış və həmin vəsait plastik kartlar vasitəsilə sahiblərinə çatdırılmışdır. Bundan əlavə, iyun ayında 1961 nəfər torpaq mülkiyyətçisinə əkin sahələrinin becərilməsinə görə hesablanmış 1 milyon manatdan çox yardım da fermerlərə çatdırılmışdır.
Qeyd edək ki, Qəbələdə kənd təsərrüfatının əsasını taxılçılıq təşkil edir. 2005-ci ildə rayonda 18 min 100 hektar sahədə taxıl yetişdirildiyi halda cari ildə 25 min 958 hektar sahədən 65 min tona yaxın məhsul toplanmışdır.