CƏMİYYƏT
Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi icra olunan layihələrin sayını artırmaqdadır
Bakı, 13 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi yol infrastrukturunda nizamlama vasitələrinin tətbiqi vəziyyətinin nəzarətdə saxlanılması, eləcə də nöqsan və çatışmazlıqların aradan qaldırılması istiqamətində fəaliyyətini daha da gücləndirir.
İdarədən AZƏRTAC-a bildirilib ki, hazırda şəhər və rayonlarda, eləcə də dislokasiya ilə təhkim olunmuş avtomobil yollarında müayinələr aparılaraq hərəkətin təşkili nöqsanlı olan yol sahələrinin, çatışmayan və ya yararsız vəziyyətə düşmüş yol nişanlarının, eləcə də svetoforların quraşdırılması, nişanlama xətlərinin çəkilməsi və ya bərpası zəruri olan yerlərin dəqiq sxemləri tərtib edilir, Baş Dövlət Yol Polisi İdarəsinin qurumlarından, KİV və ictimaiyyət nümayəndələrindən daxil olan məlumatlar ümumiləşdirilir, təhlil işi aparılır, müvafiq normativ hüquqi aktların və standartların tələblərinə uyğun layihələr hazırlanaraq icraya yönəldilir.
İdarəyə bilavasitə tabe olan “Siqnal” İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsi və onun regional istismar sahələri yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərərək icraya verilmiş layihələrin həyata keçirilməsini mərhələli şəkildə davam etdirir.
Görülən işlərdə meteoroloji şəraitin dəyişkən olması, xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar fasilələr yaransa da, artıq bir sıra bölgələrdə, o cümlədən Göyçay, Mingəçevir, Salyan, Şəki, Xaçmaz, Gəncə, Bərdə, Ağstafa, Qubada yeni, o cümlədən işıqqaytarıcı elementləri olan yol nişanlarının quraşdırılması, istismar müddəti keçmiş, mənaları anlaşılmayan yol nişanlarının yeniləri ilə əvəz edilməsi, silinmiş nişanlanma xətlərinin, yol-cizgi işarələrinin bərpası həyata keçirilib.