REGİONLAR
Dövlətimizin başçısının tövsiyə və tapşırıqları İsmayıllının gələcək uğurlarının təminatıdır
İsmayıllı, 31 avqust, Adil Ağayev, AZƏRTAC
Prezident İlham Əliyevin avqustun 10-da İsmayıllı rayonuna səfəri zamanı verdiyi tövsiyə və tapşırıqların həlli ilə əlaqədar rayon fəallarının yığıncağı keçirilib.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə 200 nəfər fəal, o cümlədən ziyalılar, mütəxəssislər, təcrübəli təsərrüfatçılar, sahibkarlar və ağsaqqallar iştirak ediblər.
Yığıncaqda dövlətimizin başçısının avqustun 10-da İsmayıllıya səfər zamanı rayon sakinləri ilə görüşündən bəhs edən video-çarx nümayiş olunub.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yığıncağı açaraq Prezident İlham Əliyevin rayona son səfərinin əlamətdar hadisə olduğunu, İsmayıllının gələcək həyatında, sosial-iqtisadi inkişafında müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.
İsmayıllı üçün mükəmməl inkişaf planının hazırlandığını söyləyən M.Sadıqov deyib ki, Prezidentin səfər zamanı ictimaiyyət nümayəndələri ilə görüşdə səsləndirdiyi təklif və tövsiyələr bölgənin gələcəyi üçün konkret plandır. Qarşıya qoyulan vəzifələr əhali tərəfindən böyük razılıqla qarşılanıb, hər kəsdə sabaha nikbin baxış, yüksək əhval-ruhiyyə yaranıb.
Yığıncaqda çıxış edən “Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutu” MMC-nin direktoru, akademik Arif Həşimov diqqəti Prezident İlham Əliyevin rayon sakinləri ilə görüşdə irəli sürdüyü İsmayıllıda 10 meqavat gücündə yeni su elektrik stansiyasının tikilməsi barədə təşəbbüs və tapşırığına cəlb edərək, bununla əlaqədar layihə hazırlığına başlandığını bildirib. Qeyd edilib ki, dövlətimizin başçısı yeni stansiyada hasil olunacaq enerjinin qonşu Qəbələ və Şamaxı rayonlarına da ötürüləcəyini vurğulayıb.
Sahibkarlar və mütəxəssislər çıxışlarında Prezident İlham Əliyevin İsmayıllıda turizmin, xalçaçılığın aqrar sektorun ayrı-ayrı sahələrinin, o cümlədən heyvandarlığın, baramaçılığın, tütünçülüyün inkişaf istiqamətləri barədə verdiyi konkret tapşırıqlarla əlaqədar artıq real işlərin görüldüyünü bildiriblər. Vurğulanıb ki, həyata keçirilən tədbirlər yaxın illərdə çoxsaylı iş yerlərinin açılmasına, rayon iqtisadiyyatının sürətli inkişafına səbəb olacaq.
Dövlətimizin başçısının tapşırığı ilə fındıqçılığın əsaslı inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini söyləyən mütəxəssis Akif Əsədov isə yeni bağlar salınacaq ərazilərin müəyyənləşdirildiyini, fındıq bağlarının 2000 hektara, illik məhsul istehsalının 4000 tona çatdırılacağını deyib.
Yığıncaqda Milli Məclisin deputatları Novruzəli Aslanov və Tahir Kərimli çıxış edərək, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi siyasətin uğurlu nəticələrindən danışıblar.
Sonda Prezident İlham Əliyevə müraciət qəbul olunub.
Yığıncaqda rayon icra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevə təltif olunduğu “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim edilib.