REGİONLAR
Dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq çətin, eyni zamanda, məsuliyyətli və şərəflidir
Tərtər, 24 iyun, AZƏRTAC
Tərtər rayonunda 184 nəfər dövlət qulluqçusu fəaliyyət göstərir. Onlardan 173 nəfərin ixtisas dərəcəsi var. Dövlət qulluqçularının 41 nəfərini qadınlar, 30 nəfərini isə gənclər təşkil edir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Dövlət Qulluqçularının Peşə Bayramı Günü münasibətilə Tərtərdə keçirilən yığıncaqda bəhs edilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edib, respublikamızda dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlardan, qazanılan uğurlardan danışıb. Bildirilib ki, dövlətin və onun vətəndaşlarının qulluğunda durmaq çətin, eyni zamanda, məsuliyyətli və şərəflidir. Dövlət qulluqçusu başqaları üçün nümunə olmalı, Vətən, məslək uğrunda məsuliyyətini dərindən dərk etməlidir.
Tədbirin sonunda dövlət qulluğunda səmərəli fəaliyyətinə, rayonun ictimai-siyasi həyatında fəal mövqeyinə görə bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyətinin fəxri fərmanları və təşəkkürnamələri təqdim edilib.