CƏMİYYƏT
Dövlətlərarası münasibətlərə təsir göstərməyi bacaran güclü amil
Bakı, 24 iyun, AZƏRTAC
“AVROPA” nəşriyyatında tarix elmləri üzrə fəlsəfə doktoru Gülzar Novruzovanın “Rusiyanın Azərbaycan diasporunda kim-kimdir?” adlı monoqrafiyası çapdan çıxıb.
G.Novruzovanın bu kitabı Azərbaycan tarixşünaslığında diasporologiya üzrə ilk monoqrafik sorğu kitabıdır. Tarixi Vətənin hüdudlarından kənarda yaşayan azərbaycanlılara həsr edilmiş bu monoqrafiyada Rusiya Federasiyasındakı Azərbaycan diasporunun elitası barədə informasiya təqdim edilib, onun çoxşaxəli fəaliyyətinin mühüm aspektləri işıqlandırılıb.
Kitabın elmi redaktoru professor Elmira Muradəliyeva yazır: “Qeyd etmək lazımdır ki, xaricdəki diasporlarımız arasında ən çoxsaylısı Rusiyanın Azərbaycan diasporudur. Azərbaycanlıların Rusiyada məskunlaşması XIX əsrin əvvəlində Şimali Azərbaycanın işğalından (daha dəqiq desək, Azərbaycanın İran ilə Rusiya arasında bölündüyü vaxtdan) başlanıb və SSRİ dağılana qədər davam edib. Ümumi imperiya və sovet məkanı amili azərbaycanlıların peşə karyerası ardınca və təhsil almaq məqsədilə Rusiyaya miqrasiya etməsinə şərait yaradıb. Sovet dövründə azərbaycanlılar kortəbii şəkildə həmyerlilər təşkilatlarında birləşirdisə, Rusiya Federasiyasının qanunvericilik bazası sayəsində orada yaşayan azərbaycanlılar yeni bir təşkilati qurum - diaspor şəklində birləşdilər”.
Gülzar Novruzovanın monoqrafiyasında Azərbaycan diasporunun parlaq nümayəndələrinin - Rusiya cəmiyyətinə inteqrasiya edərək onu daha da zənginləşdirən və Azərbaycan ilə tanış edən şəxslərin kataloqu da təqdim edilib.
Gülzar Novruzova sonda yazır: “Azərbaycan diasporu təkcə ictimai təşkilat deyil. O, yaşadığı ölkədə Azərbaycan Respublikasının mənafelərinə lobbiçilik etmək və dövlətlərarası münasibətlərə təsir göstərmək qabiliyyətinə malik olan güclü amilə çevrilə bilib”.
Şübhə etmirik ki, bu monoqrafiya - sorğu kitabı Azərbaycan diasporunun problemləri üzrə mütəxəssislər və geniş oxucu auditoriyası üçün maraq doğuracaq.