DSMF-də gənc idmançı ilə görüş
Bakı, 1 may, AZƏRTAC
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sədri Zəka Mirzəyev Türkiyədə keçirilən 16-cı WSF Shotokan Çempionatında 9 ölkədən 12 güclü rəqib arasında qızıl medal qazanaraq dünya birincisi olmuş Fəqan Ağabəyovla görüşüb.
Bu barədə AZƏRTAC-a DSMF-dən məlumat verilib.
Görüşdə Zəka Mirzəyev qazandığı qələbəyə görə Fəqan Ağabəyovu təbrik edib, ona idman həyatında və təhsilində uğurlar arzulayıb.
Fəqan Ağabəyov ona göstərilən diqqətə görə təşəkkür edib, səylə çalışaraq bu etimadı gələcəkdə də doğruldacağını bildirib.
Qeyd edək ki, Fəqan Ağabəyov Vətən müharibəsi iştirakçısı, müharibə əlili, ehtiyatda olan zabit, kapitan İsmayıl Ağabəyovun oğludur. 10-11 yaş qrupu üzrə 35 kiloqram çəki dərəcəsində dünya birincisi olmuş idmançımız Fəqan Ağabəyov bu günə qədər bir çox yerli və beynəlxalq səviyyəli yarışlarda qalib gələrək qızıl medallar qazanıb. Bu nailiyyətlərin əldə olunmasında Əməkdar məşqçi Rövşən Allahverdiyevin xüsusi rolu var.
Fəqan Ağabəyov çempionatda DSMF ilə “McDonald's Azərbaycan” QSC-nin birgə dəstəyi ilə iştirak edib.