İQTİSADİYYAT
Dünya Bankı “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirir
Komitədən AZƏRTAC-a bildirilib ki, QKDK-nın sədri Rüfət Aslanlı ölkəmizin Dünya Bankı ilə əməkdaşlığını yüksək qiymətləndirib və bu qurumla imzalanmış “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsi çərçivəsində əməkdaşlığın hazırda mühüm mərhələdə olduğunu vurğulayıb. Komitə sədri layihənin ölkədə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan müasir qiymətli kağızlar bazarının formalaşdırılmasında müsbət rol oynadığını qeyd edib. R.Aslanlı bu layihənin effektiv icrası nəticəsində bazar infrastrukturunun təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə olunduğunu, informasiya texnologiyaları satınalmaları üzrə işlərin sürətlə davam etdirildiyini vurğulayıb. QKDK-nın nəzdində yaradılmış Kapital Bazarı üzrə Təlim Mərkəzinin cəmiyyətdə maliyyə savadının artırılması, həmçinin maarifləndirmə və məlumatlandırma istiqamətində effektiv işlər gördüyü də diqqətə çatdırılıb.
Dünya Bankı missiyasının rəhbəri xanım Johanna Jaeger Bakıya növbəti gəlişindən məmnunluq ifadə edərək “Kapital bazarlarının müasirləşdirilməsi” layihəsinin icrası istiqamətində peşəkar işçi qrupunun yaradıldığını, bu istiqamətdə işlərin sürətlə davam etdiyini və layihənin hazırkı mərhələsində vacib məsələlərin həll olunduğunu vurğulayıb. Johanna Jaeger layihənin icrası ilə bağlı təqdim olunan hesabatların Dünya Bankı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
Görüşdə layihənin icrasının nəzərdə tutulmuş müddətlər çərçivəsində tamamlanacağına və qarşıya qoyulan məqsədlərə nail olunacağına əminlik ifadə edilib.