İQTİSADİYYAT
Dünya Bankı “Nağdsız əməliyyatların stimullaşdırılması layihəsi”nə texniki yardım göstərəcək
Bakı, 14 mart, AZƏRTAC
Vergilər nazirinin birinci müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov Dünya Bankının Azərbaycan üzrə ölkə iqtisadçısı Konqyan Tanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Vergilər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, N.Əmirov son dövrlərdə ölkəmizin vergi sistemində aparılan islahatlar haqqında məlumat verib, Dünya Bankı ilə birlikdə ortaq layihələrin həyata keçirilməsi və bu sahədə nazirliyə texniki dəstəyin göstərilməsi istiqamətində görülən işlərdən danışıb. Nağdsız əməliyyatların iqtisadiyyatın inkişafında və vergidən yayınmanın qarşısının alınmasında çox böyük rolu olduğunu vurğulayan nazir müavini, bu sahədə hazırlanacaq layihənin reallaşdırılması üçün geniş imkanlar olduğunu qeyd edib.
Konqyan Tan Vergilər Nazirliyi ilə Dünya Bankının ABŞ-da yerləşən baş qərargahı arasında ötən ilin yayında Bakı şəhərində videokonfrans keçirildiyini xatırladıb. K.Tan bildirib ki, ilkin mərhələdə yalnız nağdsız əməliyyatların stimullaşdırılması sahəsində texniki yardımın göstərilməsi məsələsi Dünya Bankı tərəfindən məqbul hesab edilib, bələdiyyələrlə bağlı texniki dəstəyin göstərilməsi məsələsinə gələcəkdə baxılması nəzərdə tutulub. Razılaşmaya əsasən Vergilər Nazirliyi Dünya Bankı ilə birlikdə “Nağdsız əməliyyatların stimullaşdırılması layihəsi” üzrə texniki yardım sazişinin layihəsini hazırlayıb və həyata keçirilən tədbirlərin maliyyələşdirilməsini Dünya Bankı öz üzərinə götürüb. Bu tədbirlər nağd əməliyyatların məhdudlaşdırılması və nağdsız əməliyyatların stimullaşdırılması sahəsində ölkələr üzrə beynəlxalq təcrübənin araşdırılmasını, icmal hesabatın hazırlanmasını, Azərbaycanda nağd və nağdsız əməliyyatlar sahəsində mövcud vəziyyətin, eləcə də bu əməliyyatların büdcəyə təsirinin qiymətləndirilməsini, nağdsız əməliyyatların stimullaşdırılmasında vergi orqanlarının rolunun həm qanunvericilik, həm də inzibatçılıq baxımından müəyyənləşdirilməsini əhatə edir. “Nağdsız əməliyyatların stimullaşdırılması layihəsi” üzrə texniki yardım sazişinin Vergilər Nazirliyi, Mərkəzi Bank və Dünya Bankı tərəfindən imzalanması nəzərdə tutulur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.