İDMAN
Dünya çempionatı-2014: Braziliyada mundialın ilk həftəsinin yekunları
Bakı, 18 iyun (AZƏRTAC). Braziliyada dünya çempionatında qrup mərhələsinin ilk dövrəsinin oyunları keçirilmişdir. Turnirin ilk həftəsi məhsuldarlığı ilə yadda qalmışdır - azarkeşlər 16 oyunda 49 qolun şahidi olmuşlar (orta hesabla hər oyunda 3,06 qol). Yalnız üç oyunda qolların sayı üçdən az olmuşdur. Dörd il əvvəl Cənubi Afrika Respublikasında birinci dövrədə komandalar cəmi 25 qol, 2006-cı ilin dünya çempionatında isə 39 qol vurmuşdular. Hazırkı çempionatda “sülhsevər nəticələr” də azdır - altı gündə yalnız üç heç-heçə.
AZƏRTAC xəbər verir ki, hakimlərin səhvləri də ən çox müzakirə olunan mövzulardandır. Braziliya-Xorvatiya oyununda yaponiyalı referi mübahisəli penalti təyin etmiş və Neymarı meydançadan çıxarmaqdan çəkinmişdir. Kolumbiyalı arbitr isə Kamerunla oyunda meksikalıların iki qolunu hesaba almamışdır.
2010-cu il çempionatının finalçıları olan İspaniya və Niderland çempionatın ikinci günü meydana çıxmışlar. İspanlar son dörd ildə nəsə bir yenilik olacağını düşünmürdülər və mundiala praktik olaraq eyni heyət və eyni 4-3-3 sistemi ilə gəlmişlər. Hollandiya komandasının yarısı gənc futbolçulardan ibarətdir, Lui van Qaal isə Kevin Strotmanın zədəsindən sonra 5-3-2 sisteminə keçmişdir. Birinci taym həm oyuna, həm hesaba görə bərabər keçmişdir, ikinci taymda isə “narıncılar” dünya və Avropa çempionlarını “Forte Neva” stadionunun qazonunda yıxıb sürümüşlər. İspaniya Hollandiya ilə tək bir oyunda 2010-cu ilin dünya çempionatında və 2012-ci ilin Avropa çempionatında qapısından buraxdığı qollardan çox top buraxmışdır.