İDMAN
Dünya Karate Federasiyasının nümayəndələri Bakıda Avropa çempionatına hazırlıq prosesindən məmnun qalıblar
Bakı, 13 noyabr, AZƏRTAC
Gələn il martın 25-29-da Bakıda keçiriləcək böyüklər arasında 55-ci, parakarate üzrə növbəti Avropa çempionatına hazırlıqla əlaqədar Dünya Karate Federasiyasının (WKF) Təşkilat Komitəsinin sədri Esteban Perez və WKF-nin nümayəndəsi Tatyana Drozdova ölkəmizdə hazırlıq prosesi ilə maraqlanıblar.
Azərbaycan Milli Karate Federasiyasından (AMKF) AZƏRTAC-a bildiriblər ki, AMKF-nin rəsmiləri və yerli təşkilat komitəsinin üzvləri ilə görüşdə bir neçə ay sonra Bakıda Olimpiya lisenziyalı yarışda 55-dək ölkədən 630-a yaxın idmançının, həmçinin 40-a yaxın parakarateçinin iştirak edəcəyi vurğulanıb. Qeyd edilib ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalları qazandıran turnir Milli Gimnastika Arenasında beş gün ərzində dörd tatamidə keçiriləcək. Mötəbər yarışı 120-dək hakim idarə edəcək.
Görüşdə yarışın cədvəli, texniki, tibbi, mühafizə, media və nəqliyyat məsələləri müzakirə olunub, açılış mərasimində milli ornamentlərə üstünlük verilməsi razılaşdırılıb. WKF-nin nümayəndələri Avropa çempionatı zamanı rəsmi qonaqların qalması üçün nəzərdə tutulan “Boulevard Hotel”ə, eləcə də Milli Gimnastika Arenasına və Atletlər Kəndinə baxış keçiriblər.
E.Perez seçilən obyektlərin ən müasir beynəlxalq standartlara cavab verməsindən məmnun qaldıqlarını vurğulayaraq, qarşıdakı qitə çempionatının da birinci Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirərək deyib: “Azərbaycan hər zaman kütləvi idman tədbirlərinin öhdəsindən layiqincə gəlib. Elə bu səbəbdən biz 55-ci Avropa çempionatının keçirilməsi üçün namizəd şəhərlər arasında Bakının daha şanslı olduğunu əvvəlcədən bilirdik. Bu qitə çempionatı əvvəlkilərdən bir çox cəhətlərinə görə fərqlənir. 55-ci Avropa çempionatı dünya karatesi tarixində ilk Olimpiya təsnifat xalları qazandıran yarışdır, həmçinin Olimpiya ilində keçirilir. Yarışda rekord sayda idmançının, hakimin, digər qitələrdən rəsmi qonaqların və Beynəlxalq Olimpiya Komitəsi ilə “Tokio 2020”nin Təşkilat Komitəsinin nümayəndələrinin iştirakı gözlənilir. Bakı şanslı şəhərdir ki, belə bir tarixi yarışı qəbul edir. Çempionatın yaddaqalan olması üçün WKF də əlindən gələni əsirgəməyəcək”.
Dövlət dəstəyi sayəsində qarşıdakı nüfuzlu yarışın yüksək səviyyədə keçiriləcəyini bildirən AMKF prezidenti Yaşar Bəşirov Avropa çempionatına hazırlıq işlərinin plana uyğun getdiyini söyləyib: “Qonaqların da qeyd etdiyi kimi, dövlətimizin idman siyasətinin bir hissəsi olaraq, Azərbaycanda belə mötəbər turnirlərin təşkili artıq adi hal alıb. Nüfuzlu beynəlxalq təşkilatlar nəinki idman sahəsində, digər istiqamətlərdə də kütləvi tədbirlərin təşkilini məmnuniyyətlə Azərbaycana həvalə edirlər. WKF rəsmiləri ilə birlikdə Avropa çempionatına hazırlıqla bağlı lazımi obyektlərdə olduq, danışıqlar apardıq. Biz bu yarışa ciddi hazırlaşırıq, üzərimizə ikiqat məsuliyyət düşür. Həm qitə çempionatını Azərbaycanın adına layiq təşkil etməliyik, həm də Avropa medalları ilə birgə, Tokio Olimpiadasına mümkün qədər çox lisenziya xalları qazanmalıyıq”.