REGİONLAR
Dünya Kuboku yarışları: Rusiya, Hindistan və Çin atıcıları medalların ümumi sayına görə öndədirlər VİDEO
Qəbələ, 20 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Sentyabrın 20-də Qəbələ rayonunun Bum qəsəbəsindəki Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarının daha 4 qalibinin adı məlum olub.
AZƏRTAC xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışların üçüncü günü oğlanlar və qızlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma, oğlanlar arasında kiçikçaplı tapançadan 50 metr məsafəyə atəş açma və 25 metr məsafəyə 5 dəfə sürətli atəş açma üzrə yarışların qalibləri məlum olub.
Oğlanlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında Çexiya idmançısı Filip Nepejal birinci, Yaponiya atıcısı Atsushi Şimada ikinci, Hindistan təmsilçisi Arjun Babuta üçüncü yeri tutub. Həmin yarışda ümumi hesabda Hindistan, Sinqapur, Yaponiya komandaları müvafiq olaraq I-III yerlərə çıxıblar.
Qızlar arasında kiçikçaplı tüfəngdən 10 metr məsafəyə atəş açma yarışında Rusiya idmançısı Anastasiya Qalaşina birinci, Rusiya təmsilçisi Tatyana Xarkova ikinci, Sinqapur atıcısı Martina Lindsay Veloso üçüncü yeri əldə edib. Bu yarışda ümumi hesabda Rusiya, Sinqapur və Hindistan komandaları müvafiq olaraq I-III yerlərə layiq görülüblər.
Oğlanlar arasında kiçikçaplı tapançadan 50 metr məsafəyə atəş açma yarışında Rusiya idmançıları Artem Çernosov, Anton Zanin, Aleksandr Basariyev müvafiq olaraq I-III yerləri tutublar. Rusiya, Hindistan və Tayland komandaları ümumi nəticədə müvafiq olaraq I-III yerlərə çıxıblar.
Həmçinin oğlanlar arasında 25 metr məsafəyə 5 dəfə sürətli atəş açma üzrə yarışda Hindistan idmançısı Ruşiraj Barot birinci, Çexiya atıcısı Lukas Skomal ikinci, Avstriya təmsilçisi Sergey Evqlevski üçüncü yeri tutublar.
Yarışlardan sonra ilk 3 yeri tutan idmançıların və komandaların mükafatlandırılması mərasimi keçirilib. İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev təqdim edib. Hazırda medalların ümumi sayına görə Rusiya komandası 21 medalla birinci, Hindistan idmançıları 18 medalla ikinci, Çin atıcıları 6 medalla üçüncü yerdədir. Rusiya idmançıları indiyədək 10 qızıl, 8 gümüş və 3 bürünc medal qazanıblar.
Qeyd edək ki, olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku uğrunda yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı iştirak edir. Yarışlar sentyabrın 22-də başa çatacaq.