SİYASƏT
DÜNYA MALİYYƏ BÖHRANI ŞƏRAİTİNDƏ AZƏRBAYCANIN IV ENERJİ SAMMİTİNƏ EV SAHİBLİYİ ETMƏSİ TARİXİ HADİSƏDİR
Qloballaşan dünya maliyyə böhranı şəraitində Azərbaycanın IV Enerji Sammitinə ev sahibliyi etməsi tarixi hadisədir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə rolunun artdığını göstərir.
Bu sözləri AZƏRTAC-ın müxbirinə müsahibəsində Milli Məclisin iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə demişdir.
Komissiya sədri bildirmişdir ki, ilk növbədə sammit qitələrarası enerji layihələrinin müzakirə ediləcəyi məkan olmuşdur. Burada söhbət Xəzər və Orta Asiya qazını Avropaya nəql edəcək Nabukko layihəsindən gedir. Sammitə qatılan dövlətlər arasında Nabukko layihəsinin reallaşdırılması üzrə danışıqlarda iştirak edən əksər ölkələr də var idi. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində fəal rol oynayan dövlətdir. Azərbaycanın uğurla reallaşan neft strategiyası Avropa üçün də çox maraqlıdır və sammitdə enerji təhlükəsizliyi, yeni marşrutlar və sair məsələlərin müzakirəsi ölkəmiz üçün çox böyük önəm daşıyır. Bu, həm də Azərbaycan rəhbərliyinin yürütdüyü siyasətin düzgünlüyünü, milli maraqlara cavab verdiyini, dünya iqtisadi sisteminə uğurla inteqrasiya olunduğunu bir daha sübut edir. Artıq Azərbaycanla hesablaşırlar. Avropada enerji təhlükəsizliyinin təmin edilməsində, dünyada mənafelər uğrunda gedən mübarizədə Azərbaycan milli maraqları əsas tutaraq öz rolunu həyata keçirir. Bu sammit həm Azərbaycan, həm də bütövlükdə region üçün çox əhəmiyyətlidir.
Milli Məclisin komissiya sədri hesab edir ki, rəsmi Bakının sammitə ev sahibliyi etməsi onun regional əməkdaşlığa marağının göstəricisidir. Ermənistanın işğalçılıq siyasəti isə həmişə olduğu kimi bu dəfə də onu Avropa əhəmiyyətli hadisədən kənarda saxlamışdır. Təbii ki, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə həyata keçirilə bilməz. Nə qədər ki, Ermənistan işğal etdiyi ərazilərdən çıxmayıb, Azərbaycanın ərazi bütövlüyü təmin edilməyib, o bu layihələrdə iştirak edə bilməz.