DÜNYA
Dünya Səhiyyə Təşkilatı: Liberiyada Ebola virusunun yayılması səngiyib
Liberiyada Ebola virusunun yayılması səngiyib, lakin bu tendensiyanın uzunmüddətli olacağına zəmanət yoxdur.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, bunu Dünya Səhiyyə Təşkilatının baş direktorunun köməkçisi Bryus Ayluord bildirib. Ekspert, həmçinin Ebola virusu ilə mübarizədə görülməsi vacib olan tədbirlərə də toxunub: “İcmaların Ebola ilə mübarizəyə cəlb olunması, dəfn mərasimlərinin keçirilməsində təhlükəsizlik qaydalarının gücləndirilməsi, əhalinin qorunması üçün zəruri olan düzgün informasiyanın çatdırılması və bu kimi vacib tədbirlər virusla mübarizədə müsbət tendensiyaya səbəb ola bilər.”
Bir qədər əvvəl Dünya Səhiyyə Təşkilatı insanların çoxunun bu virusa yerli ənənələr çərçivəsində ölən yaxınları ilə vidalaşarkən yoluxduğunu bildirmişdi.