REGİONLAR
Dünya şöhrətli ifaçı DJ Kavem Gəncədə tələbələrlə görüşüb
Gəncə, 24 may, Rauf Hacıyev, AZƏRTAC
Dünya şöhrətli hip-hop ifaçısı DJ Kavem və onun həyat yoldaşı Alkemia Gəncədə universitet tələbələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilatçılığı ilə Amerika və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı və dostluğu təşviq etmək məqsədilə təşkil olunan tədbir Azərbaycan Dövlət Aqrar Universitetində keçirilib.
Gənclər tərəfindən böyük maraqla qarşılanan tədbirdə bildirilib ki, bu cür görüşlər hər iki ölkə arasında mədəni əməkdaşlığın inkişafından xəbər verir.
Amerika səfirliyinin nümayəndəsi, mədəniyyət və təhsil işləri üzrə müşavirə proqramları mütəxəssisi Emi Piterson ADAU-da olduqlarından məmnunluğunu ifadə edib, göstərilən dəstəyə görə universitet kollektivinə minnətdarlığını bildirib.
Qeyd edək ki, DJ Kavem dünyada ekoloji baxımdan təmiz, orqanik məhsulların təbliğatçısı kimi tanınır və ifa etdiyi musiqilərdə bu cür fəaliyyəti tərənnüm edir. Kavemin ekoloji fəaliyyəti ABŞ dövləti tərəfindən də yüksək qiymətləndirilir. Müğənni, həmçinin fəaliyyətinə görə Qremi mükafatına layiq görülüb.