CƏMİYYƏT
DÜNYADA POLİOMİELİTİN QARŞISININ ALINMASINA DAİR STRATEJİ PLANIN İCRASINA BAŞLANACAQDIR
Bakı, 18 iyun (AZƏRTAC). Dünya Səhiyyə Təşkilatının Cenevrədəki iqamətgahında 2010-2012-ci illərdə vəhşi poliovirusun kökünün kəsilməsinə dair yeni Strateji Plan açıqlanacaqdır.
Poliomielitə qarşı mübarizə sahəsində böhranlı vəziyyət yaranmışdır. Afrikanın bundan əvvəl poliomielitdən qurtulmuş, lakin 2009-cu ildə xəstəliyin yenidən baş qaldırdığı 15 ölkəsindən 10-nun infeksiya ocağını uğurla söndürmüşdür. Bir çox endemiyalı ölkələr həmin xəstəliyə qarşı mübarizə sahəsində böyük nailiyyətlər əldə etmişlər.
Nigeriya bu sahədə əsl tərəqqiyə nail olmuşdur. Burada xəstəlik hallarının sayı 99 faizdən çox azalmışdır. Ötən ilin oxşar dövründə 312 xəstəlik faktı qeydə alındığı halda, bu il həmin rəqəm 3-ə enmişdir. Hindistanın endemiyalı Uttar-Pradeş və Bihar ştatlarında isə altı aydan çox bir müddət ərzində vəhşi poliovrusa yoluxma faktları qeydə alınmamışdır.
DST-nin baş direktoru Marqaret Çanın və YUNİSEF-in yeni icraçı direktoru Toni Leykin sədrliyi ilə keçəcək müşavirədə Nigeriya, Əfqanıstan, Anqola, Seneqal və digər ölkələrin səhiyyə nazirləri, hazırkı və potensial donorlar, vaksin istehsalçıları və əsas tərəfdaş təşkilatlar yeni planın icrası, monitorinqi və maliyyə məsələlərini müzakirə edəcəklər.
Qeyd edək ki, bu ilin əvvəlində ilk dəfə Hindistanda qeydə alınmış xəstəliyin ocağı Tacikistana yayılmış və bu ölkədə 239 uşağın yoluxmasına səbəb olmuşdur, halbuki Tacikistanda poliomielitin qarışısı hələ 1997-ci ildə alınmışdı. Bu fakt endemiyalı ölkələrin bundan əvvəlki nailiyyətlərindən daha səmərəli istifadə olunmasının vacibliyini bir daha vurğulayır.