ELM VƏ TƏHSİL
Dünyanın 95 ölkəsindən 500-ə qədər gənc alimin Bakıda bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir VİDEO
Bakı, 27 may (AZƏRTAC, Aygün Məmmədova). Mayın 27-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasında “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu öz işinə başlamışdır.
Dünyanın gənc alimlərinin Beynəlxalq forumu Gənclər və İdman Nazirliyinin, AMEA-nın, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının, “Eurodoc” Avropanın Gənc Tədqiqatçılar Şurasının, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilir.
Bakı forumunda iştirak edən Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov AZƏRTAC-a müsahibəsində demişdir ki, Azərbaycanın dünya elm və təhsil məkanına inteqrasiyası belə beynəlxalq tədbirlərin Bakıda keçirilməsinə şərait yaradır.
O bildirmişdir ki, dünyanın 95 ölkəsindən 500-ə qədər gənc alimin Azərbaycanın paytaxtı Bakıda bir araya gəlməsi böyük əhəmiyyət kəsb edir. “Dünya elmində yeni çağırışlar: gənc alimlərin birgə yanaşmaları” mövzusunda Beynəlxalq Bakı forumu Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısı nəticəsində reallaşmışdır.
İ.Orucov forumda son elmi nailiyyətlərlə bağlı müzakirələr aparılacağına, qonaqların Azərbaycandan xoş xatirələrlə qayıdacaqlarına əminliyini bildirmişdir.
Mayın 28-də forum işini elmin beş əsas istiqaməti - dəqiq və texniki elmlər, tibb, biologiya və kimya, iqtisadiyyat və sosiologiya, ekologiya və kənd təsərrüfatı, tarix, fəlsəfə və mədəniyyət istiqamətləri üzrə bölmələrdə müzakirələrlə davam etdirəcəkdir.
Forumun rəsmi bağlanış mərasimi mayın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında olacaqdır.