İDMAN
Dünyanın ən yaxşı futbolçusu vergi ödəməkdən yayınmaqda şübhəli bilinmişdir
Bakı, 13 iyun (AZƏRTAC). Son dörd ildə dünyanın ən yaxşı futbolçusu hesab edilmiş Lionel Messi və onun atası İspaniyada təxminən dörd milyon avro vergi ödəməkdən yayınmaqda şübhəli bilinmişlər. Əgər futbol ulduzunun təqsiri sübut edilərsə, o, böyük məbləğdə cərimə ödəməklə bərabər altı ilə qədər həbs cəzasına məhkum oluna bilər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, prokuror Rakel Amado 25 yaşlı argentinalı hücumçunun yaşadığı Barselonanın dəbdəbəli Qava rayon məhkəməsinə çərşənbə günü şikayətlə müraciət etmişdir. Prokurorluğun fikrincə, Messi və onun atası Xorxe Orasio 2007, 2008 və 2009-cu illərdə qanunsuz olaraq 4 milyon avro məbləğində gəlir vergisinə “qənaət” etmişlər.
Qoşma sənədlərdə izah edilir ki, Messinin ailəsi oğlunun şəkillərini başqa ölkələrdə qeydiyyatda olan firmalar vasitəsilə istifadə edilməsi hüququnu satmaqla vergilərdən yayınmışdır.
Əgər Lionel təqsirkar edilərsə, onu 6 ilə qədər həbs cəzası gözləyir. Lakin bunun üçün əvvəlcə məhkəmə prokurorun şikayətini qəbul etməlidir, yəni həmin şikayəti baxılmaq üçün lazımlı hesab etməlidir.
Messi onun barəsində yayılmış şübhələrə cavab olaraq heyrətləndiyini bildirmişdir. Futbolçu özünün “facebook” səhifəsində yazmışdır: “İspaniyanın vergi xidmətinin iddiaları barədə KİV-lərdən xəbər tutmuşuq. Bu, bizi çox təəccübləndirdi, çünki biz heç vaxt qanunu pozmamışıq. Biz öz vergi məsləhətçilərimizin dediklərinə əməl edərək həmişə vergi tələbnamələrini ödəmişik. Onlar bu məsələni aydınlaşdıracaqlar”.
Lionel Messi dünyada ən yüksək məvacib alan idmançılardan biridir. Onun illik gəliri təqribən 21 milyon dollara bərabərdir.