SİYASƏT
DÜNYANIN “MÜHÜM” ÖLKƏSİNƏ ÇEVRİLMİŞ ERMƏNİSTAN HEÇ KƏSİN YİYƏ DURMADIĞI YEGANƏ DÖVLƏTDİR
Berlin, 11 fevral (AZƏRTAC). Erməni yaraqlılarının top-ulduzu Levon Məlik-Şahnazaryan fevralın 11-də Yerevanda demişdir: "Ermənistan yeganə ölkədir ki, dünyanın hər iki siyasi qütbündə onun uğrunda mübarizə gedir".
“Qəhrəmanımız” əvvəlcə öz “dahiyanə kəşfini” açıqlayaraq demişdir ki, bəs, ABŞ və Rusiya, müvafiq surətdə, Qərbin və Şərqin lider dövlətləridir. Sonra isə əmin olduğunu bildirmişdir ki, indi bu iki böyük dövlət Ermənistanın rəğbətini qazanmalıdır. “Biz bu vəziyyətdən istifadə etməyə borcluyuq. Biz həm Qərbə, həm də Şərqə lazımıq”, - deyən Məlik-Şahnazaryan daha sonra vurğulamışdır: "Əgər biz bundan yararlanmasaq, bu, bizim böyük səhvimiz olar".
Məlik-Şahnazaryan ürəyindən keçənləri həqiqət kimi qələmə verərək bildirmişdir ki, guya ən iri regional layihələr prinsip etibarilə, dünyada tarazlığın dəyişməsində və ümumiyyətlə, bəşəriyyətin taleyində həlledici rol oynayan və bu gün heç kəsin şirnikləndirə bilmədiyi "yeganə" ölkə olan Ermənistanın iştirakı olmadan heç cür “ötüşə bilməz” və bu, dünyanın iki siyasi qütbündə "ona marağın necə böyük olmasına" əyani sübutdur. Hər iki fövqəldövlət bu "mühüm" dövləti öz tərəfinə çəkmək üçün bir-birinə macal vermədən ona sərfəli kreditlər və müxtəlif güzəştlər təklif edir.
Lakin faktlar göz qabağındadır - dünyada özünün “mərkəzi” mövqeyindən bacarıqla istifadə edən Ermənistanın bu gün necə “laləzara çevrilməsi” hamıya məlumdur.
Avtobioqrafik trillerin qəhrəmanı lovğalanaraq, demişdir: “Osetiya müharibəsindən sonra bizim regionda Ermənistanın rolunun artmasını birinci mən demişəm”. Lakin bir məsələyə aydınlıq gətirməmişdir: görəsən, Ağ evdə və Kremldə onun vətəninin “beynəlxalq statusunun” dəyişməsini və rolunun “artmasını” bilirlərmi?
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin