E-MAİLİN YUBİLEYİ
Berlin, 4 avqust (AZƏRTAC). Almaniyada E-mailin dünyada ilk məlumatı 25 il bundan əvvəl yayılmışdır. İndi ölkə vətəndaşlarının 60 faizi elektron poçtdan istifadə edir. “Bitkom” sahə ittifaqının tapşırığı üzrə Almaniyada aparılmış sorğunun nəticələrinə görə, respondentlərin əksər çoxluğu elektron poçtundan razıdır. Respondentlərin 88 faizi bildirmişdir ki, yeni ünsiyyət forması sayəsində onların həyat keyfiyyəti xeyli yaxşılaşmışdır. 84 faiz qeyd etmişdir ki, informasiyanı daha asan əldə edə bilirlər. Respondentlərin 66 faizi bildirmişdir ki, elektron poçt onların işinə yarıyır. “Bitkom”un prezidenti Avqust-Vilhelm Şeer sorğunun nəticələrini yekunlaşdıraraq demişdir: “E-mailin tətbiqi rabitəni daha asan və sürətli etmişdir”.
DPA agentliyi xəbər verir ki, keçirilmiş sorğu elektron poçtdan istifadə olunmasının təhsil və yaş həddindən asılı olduğunu aşkar etmişdir. Belə ki, natamam orta təhsilə malik vətəndaşların yalnız 30 faizi hər gün E-mail göndərir. Gimnaziya məzunları arasında bu göstərici 67 faizə bərabərdir. Burada yaş həddi də rol oynayır. 14-29 yaş həddində gənclərin 75 faizi hər gün bir dənə də olsa şəxsi E-mail göndərir. Bu göstərici 45-59 yaşında olan vətəndaşlar arasında təqribən yarıya bərabərdir, 60 yaşından yuxarı respondentlər qrupunda isə dörddəbir hissədən azdır. Kişilər və qadınlar arasında da E-mail göndərilməsi üzrə fərqin olduğu aşkar edilmişdir. Kişilər elektron poçtdan fəal (59 faiz hər gün məlumat göndərir) iştirak edirlər. Qadınlarda isə fəallıq (43 faiz) kişilərə nisbətən 16 faiz azdır.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin