“Əbədi şəhər” Roma - FOTOREPORTAJ
Roma, 30 oktyabr, AZƏRTAC
İtaliyanın paytaxtı, eyni zamanda, Latsio regionunun inzibati mərkəzi olan Romanın əhalisi 2,8 milyon nəfərdir. Bura Roma İmperiyasının paytaxtı olub və Avropanın ən qədim şəhərlərindəndir. Roma “əbədi şəhər” və ya yeddi təpə üzərində yerləşdiyi üçün “yeddi təpə şəhəri” adlandırılır.
Rəvayətə görə, şəhərin bünövrəsi eramızdan əvvəl 753-cü il aprelin 21-də Romul tərəfindən qoyulub. Mənbələrə görə, “Roma” sözü yunan mənşəli olub “hünər, qoçaqlıq” mənasını daşıyır. Romanın ən qədim sakinləri özlərini patrisilər adlandırırdılar.
Şəhər Aralıq dənizindən 26 kilometr aralıda, Apennin dağ silsiləsinin dənizə enən vulkanik mənşəli yamacında, Tiber çayının sol sahilində yerləşir. Şərqdən Abruzzen və şimaldan Sabin dağları ilə əhatələnən Roma əsasən mərkəzi Palatin olan təpələr üzərində formalaşıb. Şəhərin ümumi sahəsi 1285 kvadratkilometr, tarixi hissənin sahəsi isə 143 kvadratkilometrdir.
Meqapolisə çevrilən və 22 inzibati ərazidən ibarət olan Romanın əhalisinin 8,4 faizini əcnəbilər təşkil edir. Şəhər maşınqayırma, metallurgiya, yüngül, yeyinti, kimya, kağız sənayelərindən və turizmdən ibarət çox şaxəli iqtisadiyyata malikdir. İqlimi və gözəl monumental memarlığı şəhəri kino sənayesinin mərkəzlərindən birinə çevirib.
Romanın tarixi, turistik və rəmzi məkanları
Kolizey - eramızdan əvvəl 72-80-ci illərdə inşa edilib və Romanın simvolu sayılan qədim amfiteatrdır. Qədim Romanın ən əzəmətli tarixi abidəsi olub, dünyada ən böyük antik amfiteatrdır.
Trevi fəvvarəsi - Romada yerləşən ən böyük fəvvarədir. Hündürlüyü 25,9 metr, eni 19,8 metr olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732-1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilib.
Panteon - keçmiş Roma məbədidir və 609-cu ildən bəri Katolik kilsəsidir.
Roma Forumu - şəhərin mərkəzindəki bir neçə mühüm qədim hökumət binasının xarabalıqları ilə əhatə olunun köhnə şəhərin vətəndaşları bu məkanı əvvəllər bazar yeri olan “Forum Magnum” və ya, sadəcə, “forum” adlandırırdılar.
Viktorun abidəsi - İtaliya kralı Viktor II Emmanuelin şərəfinə ucaldılıb. Xüsusən Romanın mənzərəsini və əzəmətli Venesiya meydanını seyr etmək üçün gözəl terrasa malikdir.
Venesiya meydanı (Piazza Venezia) - bir neçə yolun kəsişdiyi Romanın mərkəzi meydanıdır.
Hadrian Türbəsi - “Castel Sant'Angelo” kimi tanınan bu silindrik bina əvvəllər qala kimi istifadə edilib, indi isə muzeydir.
İspan pilləkənləri (Piazza di Spagna) - bura Romanın turistlərin ən çox ziyarət etdiyi məkanlarındandır. 135 pillədən ibarətdir dik yamacdakı pilləkəndə Trinita dei Monti kilsəsi yerləşir. Memar Françesko de Sanktis və Alessandro Speççi tərəfindən dizayn edilib və 1723-1725-ci illərdə tikilib.
Piazza del Popolo - Romanın əsas meydanlarından biridir. İtalyan dilində hərfi mənada “Xalq meydanı” deməkdir.
Santa Maria d'Aracoeli kilsəsinin pilləkənləri - 1348-ci ildə xalqın iradəsi ilə vəbanın sona çatması sayəsində inşa edilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma