DÜNYA
Əbu-Dabi fondları “Saudi Aramco”ya 1,5 milyard dollar investisiya planlaşdırır
Bakı, 26 noyabr, AZƏRTAC
Əbu-Dabi fondları Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft şirkətinin səhmlərinin ilkin kütləvi yerləşdirilməsinə (IPO) 1,5 milyard dollar investisiya planlaşdırır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Aramco” xarici fondlardan vəsait cəlb edə bilmədikdən sonra qonşu ölkələrin investorlarına müraciət edib. Şirkət rəsmilərinin bu həftə Əbu-Dabi fondlarının və şirkətlərinin bəzi yüksək səviyyəli rəsmiləri ilə görüşdüyü deyilir.
Mənbələr Əbu-Dabinin hansı təşkilatlar vasitəsilə sərmayə qoyacağı barədə yekun qərar vermədiyini və vəsaitin həcminin də dəqiqləşdirilmədiyini bildirib.
Qeyd edək ki, “Saudi Aramco” IPO üzrə ilk 5 gündə səhmlərə tələbat 73 milyard Səudiyyə rialını (19,5 milyard dollar) ötüb. Kütləvi təklifin ilk 5 günündə 1,8 milyon pərakəndə investor indiyədək 14 milyard rial dəyərində təklif verib. Korporativ tələb isə 58,4 milyard riala çatıb.
“Aramco” üzrə tələb prosesi fərdi investorlar üçün noyabrın 28-dək, institusional investorlar üçün isə dekabrın 4-dək davam edəcək. Səudiyyə Ərəbistanı birjasında “Aramco”nun ümumilikdə 3 milyard səhmi, şirkətin kapitalının 1,5 faizi satışa çıxarılacaq.
Səudiyyə Ərəbistanı IPO-dan sonra şirkətin bazar dəyərinin 1,6-1,7 trilyon dollar olacağını nəzərdə tutur. “Aramco”nun IPO-sunun dekabrda keçirilməsi planlaşdırılır. Səhmlərin qiymətləndirilməsi noyabrın 17-dən dekabrın 4-dək davam edəcək. “Aramco”nun səhmlərinin son qiyməti dekabrın 5-də elan ediləcək.
Şirkətin 1,5 faizlik səhmlərinin dekabrın 11-də Səudiyyə Ərəbistanının “Tadawul” birjasında satışa çıxarılması planlaşdırılır. Səudiyyə Ərəbistanı bu satışdan 24-25 milyard dollar gəlir əldə etməyi hədəfləyir.
Neft nəhəngi səhmlərinin 0,5 faizini fərdi investorlara təklif edəcək. “Aramco” səudiyyəli investorları Ər-Riyad birjasına cəlb etmək niyyətindədir. “Saudi Aramco”nun IPO-su pərakəndə investorların Riyad birjasına qayıtmasına səbəb ola bilər.
“Aramco” 1,5 trilyon dollar səviyyəsində dəyər qazanacağı təqdirdə Səudiyyə Ərəbistanının hədəf dairəsindən aşağıda qalacaq. Belə ki, Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman Al Saud IPO-dan sonra “Aramco”nun dəyərinin 2 trilyon dollara çatacağını gözləyir. Bankların proqnozuna görə isə bu rəqəm 1,5 trilyon dollar olacaq.
Ekspertlərə görə, fərdi investorlar üçün ayrılan hissə təxminən 7,5 milyard dollar ola bilər.
“Aramco”nun IPO üçün 20-dək milli və beynəlxalq maliyyə qurumu ilə iş aparılır. 2020-2021-ci illərdə isə səhmlərin 3 faizlik hissəsi beynəlxalq bazarlarda satışa çıxarılacaq.
Şirkətin səhmlərinin 5 faizini özəlləşdirərək 100 milyard dollar gəlir əldə edilməsi hədəflənir. “Saudi Aramco” Böyük Britaniyanın maliyyələşdirdiyi 2 milyard dollarlıq fond üçün ABŞ-ın “Citi” investisiya bankı ilə razılaşıb və bu çərçivədə “Citi bank” həmin fondu idarə edəcək. “Aramco” daha əvvəl “JPMorgan Chase & Co”, “Morgan Stanley” və “HSBC” ilə məsləhətləşmələr üçün razılaşıb. “Aramco” bazar payını artıracağı təqdirdə hazırda təxminən 900 milyard dollarla dünyanın ən dəyərli şirkəti olan “Apple” korporasiyasını geridə qoyması nəzərdə tutulur.
Mərkəzi ofisi Səudiyyə Ərəbistanının Zahran şəhərində yerləşən şirkət ilk neft quyusunu 1935-ci ildə qazıb. Şirkətin 261 milyard barrel nefti var və bu rəqəm ABŞ-ın ən böyük neft şirkəti “ExxonMobile”nin həcmlərindən 10 dəfə çoxdur. Dünyada hasil edilən hər 8 barrel neftdən birini “Saudi Aramco” çıxarır. Şirkətdə təxminən 51 min Səudiyyə Ərəbistanı vətəndaşı və 10 min 300 əcnəbi çalışır.